22 milyon insanın həyatı təhlükədədir:

Yəməndə fövqəladə vəziyyət elan olunub.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, Husilər tərəfindən nəzarət altında saxlanılan bölgələrdə vəba epidemiyası yayılıb.

“Səba” xəbər agentliyinin informasiyasına görə, fövqəladə vəziyyət səhiyyə naziri Taha əl-Mütəvəkkil tərəfindən elan olunub.

Daha öncə ölkə miqyasında xəstəlik səbəbilə məktəblərin bağlanmasına qərar verilmişdi.

UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Qrit Kappelare ilə Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq Dənizi bölgəsi müdiri Əhməd əl-Manzuri verdiyi yazılı açıqlamada 17 mart tarixinə qədər Yəməndə 109 min vəba xəstəsinin olduğunu bildirmişdi.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə Husilər 2014-cü ildən bəri paytaxt Səna və bəzi bölgələrin nəzarətini əllərinə keçirib. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri Husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

4 ildən çoxdur ki, davam edən qarşıdurmada minlərlə insan həyatını itirib. Dünyanın ən kasıb ölkələri arasında olan Yəməndə vətəndaş müharibəsi səbəbilə böyüyən böhran qorxunc nəticələr doğurub. Bunlardan biri də aclıq və xəstəlikdir.

BMT-nin hesabatına görə, Yəməndə 22 milyon insan yardıma ehtiyac duyur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR