"Cabir 012" ləqəbli avtoş öldürməkdə ittiham edilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ə.Şərifov özünü təqsirli bilmədiyini, günahsız olduğunu deyib. Bildirib ki, hadisə baş verən yerdə olmayıb, hadisəni törətməyib.
Şərifov istintaqdakı ifadələrinin ona məxsus olmadığını deyib. Bildirib ki, imzalar da onun deyil.
Hakim bildirib ki, təqsirləndirilən tərəf bunu yazılı şəkildə məhkəməyə təqdim edilməlidir. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.
Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.
Ötən il noyabrın 17-də, günorta saatlarında Ehtiram Şərifov qəsəbə sakini Cabir Babayevi güllələyərək öldürüb. O, polisə gələrək könüllü təslim olub.
Qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub, "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib.
Belə ki, Cabirin dostu olan bir nəfər Ehtiramın qardaşı Vüqarın üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş təsadüfən Cabirə tuş gəlib.
İstintaq orqanı tərəfindən Ehtiram Şərifovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cabir Babayev sosial şəbəkələrdə və “youtube”də “avtoş” kimi tanınıb. Onun sosial şəbəkələrdə “avtoş”luq etməsi ilə bağlı video çarxları olub.