Aşqabad, 5 may, AZƏRTAC
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin təşkilatçılığı və dəstəyi ilə Türkmənistanın paytaxtı Aşqabadda narkotiklərə nəzarət sahəsində subregional əməkdaşlıq haqqında Anlaşma Memorandumu çərçivəsində hüquq mühafizə orqanları rəhbərlərinin 9-cu iclası keçirilib.
İclasın məqsədi narkotiklərlə mübarizə sahəsində regional və subregional əməkdaşlıqla bağlı mövcud vəziyyəti müzakirə etmək və 8-ci müşavirənin yekun tövsiyələrinin həyata keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmaq olub.
İclasda müvafiq işçi qruplarda hüquq mühafizə orqanlarının üzləşdiyi operativ və digər spesifik problemlərin müəyyənləşdirilməsi, narkotiklərin daşınması ilə bağlı milli, subregional və regional səviyyədə tətbiqi mümkün tədbirlər müzakirə olunub, müvafiq təklif və tövsiyələr plenuma təqdim edilib.
Azərbaycanı tədbirdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Ələkbərov təmsil edib.
A.Ələkbərov Azərbaycanda narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyətin təşkili mövzusunda məruzə ilə çıxış edib. O deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığın digər formalarının əsas maliyyə mənbəyi kimi cəmiyyətin sağlam inkişafına mənfi təsir göstərir və hər bir dövlətin sosial asayişinə təhlükə yaradır. Bu səbəbdən də bu problemin həllinə kompleks yanaşma vacibdir. Qeyd edilib ki, Azərbaycanda ölkə rəhbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı hüquqi bazanın gücləndirilməsinə, hüquq mühafizə orqanlarının fəaliyyətinin səmərəsinin artırılmasına və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. BMT-nin tövsiyələrinə müvafiq olaraq, respublikamızda narkomaniya, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Milli Proqram həyata keçirilir.
Tədbirdə Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də iştirak edib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad