Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində keçirilən növbəti qanvermə aksiyasında qurumun 100-dən çox əməkdaşı iştirak edib.
“Azərsu” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirin yüksək səviyyədə təşkili məqsədilə qan vermək istəyində olanların siyahısı tutulub, tibb işçilərinin normal fəaliyyətini təmin etmək məqsədilə lazımi şərait yaradılıb. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı aksiyadan əvvəl səyyar laboratoriyada yoxlanılıb. Müayinə nəticəsində sağlamlığı qan götürməyə imkan verən şəxslər müəyyənləşdirilib.
Aksiyada “Azərsu” ASC-nin idarə aparatının 100-dən çox əməkdaşı iştirak edib. Donorlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyiblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun əməkdaşları bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada yoxlanıldıqdan sonra irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq.
İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə kömək məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu könüllü humanitar aksiyanın növbəti günlərdə “Azərsu” ASC-nin yerli idarə və müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

