İndoneziyada aprelin 17-də prezident və parlament seçkisi keçiriləcək.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 260 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi sayılan İndoneziyada vətəndaşların əksəriyyəti müsəlmandır. Sabah keçiriləcək prezident və parlament seçkisində 190 milyon 779 min 969 seçici səsvermə hüququndan istifadə edəcək.

Ölkəni 2024-ci ilə qədər idarə edəcək prezidentin adının təyin ediləcəyi seçkidə İndoneziya Demokratik Mübarizə Partiyasının (PDI-P) üzvü, hazırki prezident Coko Vidodo və ana müxalifət partiyası olan İndoneziya Hərəkatı Partiyasının (Gerindra) sədri, keçmiş hərbçi Prabovo Subianto mübarizə aparacaq.

Parlament seçkisində isə Nümayəndələr Palatasına 575 (DPR), Regional Nümayəndələr Şurasına (DPD) 136 millət vəkili seçiləcək. Əyalət, rayon və kəndləri əhatə edən yerli idarəçilərin nümayəndəlik məclisi üçün də 19 min 817 millət vəkilinin adı bilinəcək.

Ölkədə 16 partiyanın qatılacağı və təxminən 810 min sandığın qurulacağı seçkidə, ümumilikdə 245 min 106 millət vəkili namizədi mərkəzi parlamentə və bölgə idarələrindəki məclisə daxil ola bilmək üçün mübarizə aparacaq.

Ölkədə ilk dəfə prezident və parlament seçkisi eyni gündə keçiriləcək. Ancaq xalqın diqqəti indi daha çox prezident seçkilərinədir. Sabahkı seçki 2014-cü ildə prezident seçkilərində də rəqib olan Vidodo və Subiantonun növbəti mübarizəsi olacaq.

Günay Elşadqızı / METBUAT.AZ