Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan “Azərbaycan Böyük Vətən müharibəsi illərində” mövzusunda tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali təhsil ocağının rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova Qələbə gününün qeyd olunmasının, Prezident İlham Əliyevin bu barədə verdiyi Sərəncamın əhəmiyyətindən söz açıb. Rektor gənc nəslin tərbiyəsində, varislik ənənələrinin qorunması və təbliğində bu kimi tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıb.
G.Məmmədova qeyd edib ki, 1941-1945-ci illər müharibəsi zamanı Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq göstərib. Altı yüz mindən çox azərbaycanlı cəbhəyə yollanıb. Biz daim qələbəyə gedən yolda olmuşuq və igidliyimizi də qanımızla, canımızla sübut etmişik.
Universitetin Ağsaqqallar Şurasının sədri, ictimai fənlər kafedrasının dosenti Bəhram Avılov “Böyük Vətən müharibəsində respublikamızın və azərbaycanlıların iştirakı” mövzusunda məruzə ilə çıxış edib.
Sonra müharibə veteranı Həzi Məmmədov, Yasamal Rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Almaz Qasımova və başqaları Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlar barədə danışıblar.