İddialar və reallıqlar: ABŞ-ın Azərbaycana dair qeyri-tolerant HESABATI

İddialar və reallıqlar: ABŞ-ın Azərbaycana dair qeyri-tolerant HESABATI
16:08 30 Aprel 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyası özünün sayca 20-ci illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycanda hökumətin dini etiqad azadlığının təmin edilməsi ilə bağlı atdığı addımlar təqdir edilir, buna paralel olaraq, həm də tənqid olunur. Bu baxımdan, çaşqınlıq yaradan hesabat iki fikri önə çıxarır: birincisi, hesabatı hazırlayanlar Azərbaycandakı vəziyyətlə bağlı həmrəy deyillər, yəni okeanın o tayında kimlərsə Azərbaycanda “dini azadlığın pozulduğunu” hesab etsə də, bunun tam əksini düşünənlər var və bu mövqe hesabatda öz əksini tapır; ikincisi, hesabatda yer alan tənqidi məqamların analizi müəlliflərin yoxlanılmamış məlumatlara istinad etdiyini təsdiqləyir.

İddialar və reallıqların müqayisəsi bu hesabatın həqiqəti əks etdirmədiyini və bəlli dairələrin elə ABŞ-ın din xadimlərinin etirazına rəğmən, Azərbaycanı 2-ci kateqoriyadan saxlamaq üçün birtərəfli informasiyalara əsaslandığını göstərir.

Birinci iddia: hesabatda deyilir ki, 2018-ci ildə Azərbaycan hökuməti dini etiqad azadlığı məsələsinin müzakirəsinə doğru müəyyən pozitiv maraq göstərsə də, ümumilikdə ciddi dəyişikliklər baş verməyib, xüsusilə dini icmaların icbari qeydiyyat qaydasının mövcudluğunda problemlər var;

Reallıq: 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümumi sayı 909-a çatıb. Bunlardan 877-i İslam, 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru icmalarıdır. Qeydiyyata alınan icmaların 31-i qeyri-islam təmayüllüdür. Bu fakt əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədə dini etiqad azadlığının vəziyyətini aydın şəkildə göstərir. Digər tərəfdən, 10 milyonluq əhalinin yaşadığı Azərbaycanda 909 dini icmanın dövlət qeydiyyatından keçməsi də hesabatda “dini icmaların qeydiyyatına maneələrin yaradılması” iddiasının yanlış olduğunu təsdiqləyir. Təkcə ötən il dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciət (138-i İslam, 5-i qeyri-islam təmayüllü) edilib, 22 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılıb, ümumilikdə 98 dini icma dövlət qeydiyyatına alınıb. Azərbaycanda dini qurumların dövlət qeydiyyatına alınmasındakı mənzərə belədir və reallıqlar iddiaların tam əksini göstərir. Əslində hesabat neqativ iddialara köklənsə də, Beynəlxalq Din Azadlıqları Komissiyası mövcud vəziyyəti də vurğulamaq məcburiyyətində qalıb və qeyd olunub ki, “Azərbaycan pozitiv addım olaraq dörd qeyri-müsəlman təşkilatını qeydiyyatdan keçirib”.

İkinci iddia: hesabatda Gəncə hadisələrinə toxunulur və iddia olunur ki, icra başçısına sui-qəsd və iki polis zabitinin öldürülməsindən sonra “dini radikallar” adlandırılan şəxslər saxlanılıb; həbsxanada 68 “vicdan məhbusu” var və onların çoxu “Müsəlman Birliyi hərəkatı”nın üzvləridir; Ötən il ərzində bu hərəkat üzvlərinə işgəncə verilməsi “sistematik və endemik” xarakter alıb;

a) Gəncədə dövlət məmuruna sui-qəsd və iki polis zabitinin qətli ilə nəticələnən hadisələr terror aktı idi və bu hadisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun araşdırılıb. İstintaq cinayətin planlı şəkildə törədildiyini və Yunis Səfərovun əmri “Hüseyniyyun” (Hüseynçilər) adlı silahlı dəstənin lideri Tohid İbrahimbəylidən aldığını müəyyənləşdirib. T.İbrahimbəylinin hadisədən öncə Gəncə şəhər icra hakimiyyətinin başçısının qətlinə açıq çağırış etdiyinə dair faktlar var. Polis zabitlərinin öldürüldüyü aksiya isə məhz radikalların təşəbbüsü ilə Yunis Səfərova dəstək xarakteri daşıyıb və məqsəd Gəncədə çaxnaşmanın yaradılması, dünyəvi dövlətə qarşı addımların atılması idi. ABŞ-da hesabatı hazırlayanlar baş verən hadisə haqqında ətraflı məlumata malik deyil və bunu “Gəncədə baş vermiş hadisələrin əsl mahiyyətini müəyyən etmək çətin olsa da...” sözləri ilə özləri də təsdiqləyirlər.

b) Həbsxanada 68 “vicdan məhbusunun” olduğu iddia edilir, lakin bu rəqəmin mənbəyi göstərilmir. Azərbaycan hökuməti ölkədə “vicdan məhbusu” olmadığını deyir və bunu faktlarla təsdiqləyir: həbs olunanların konkret cinayət əməli aşkarlanıb. Azərbaycanda “vicdan məhbusu” iddiası daha çox müxalifətin və xaricdə rəsmi Bakıya siyasi təzyiq etməyə cəhd göstərənlərin leksikonunda yer alır, hərçənd, onlar indiyə qədər iddialarını sübut edəcək konkret fakt irəli sürməyiblər. Bu baxımdan, ABŞ kimi bir ölkədə Beynəlxalq Din Azadlıqları Komissiyasının təsdiq olunmamış iddiaları hesabatına daxil etməsi təəccüblü və şübhəlidir.

c) Hesabatda “Müsəlman Birliyi hərəkatı”nın üzvlərinin “vicdan məhbusu” adlandırılması diqqət çəkir. Söhbət Azərbaycanda dünyəvi quruluşu devirməyə cəhd göstərən hərəkatın üzvləri və lideri Tale Bağırzadədən gedir.

“İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbəla məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq”;

“Onun kimilərin (Gəncə şəhər icra hakimiyyətinin başçısı – red.) qanı halaldır. İnşallah tez bir zamanda onların ölüm xəbəri yayılacaq”;


Bu çağırışları T.Bağırzadəni özlərinə lider edən “Müsəlman Birliyi hərəkatı”nın üzvləri Nardaran hadisələri zamanı səsləndirib və dövlətə qarşı belə çağırışların siyahısı kifayət qədərdir.

T. Bağırzadə Azərbaycanda dünyəvi quruluşu devirmək niyyətini açıq şəkildə bəyan edib və “şəriət rejimi” ideyalarını bütün region ölkələrinə ixrac edən dairələrə biət etdiyini də nümayişkaranə formada göstərib. Hətta ayətullahları özlərinin “qırmızı xətti” adlandırıb. Və maraqlıdır ki, hesabatda “Müsəlman Birliyi hərəkatı”nın müdafiəsinə dair əks olunanlar bu gün ABŞ-ın milli maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Belə təsəvvür yaranır ki, bu hesabatı hazırlayanlar müsəlman Şərqində ən dünyəvi və ən tolerant ölkə olaraq beynəlxalq hesabatlarda adı keçən Azərbaycanda “şəriət rejimini” qurmaq istəyənləri dəstəkləyir. Hərçənd, “Rusiya və İran arasında yerləşməsi bu sahədə Azərbaycan hökuməti üçün çətinliklər yaradır” ifadəsi hesabatda əksini tapan məqamlarla bağlı fikir ayrılığını açıq şəkildə biruzə verir.

ç) “Həbsxanada işgəncə” iddialarına gəlincə, bu iddiaların terror aktı törədərək, dünyəvi quruluşu devirmək istəyənlərin “demokratiya aşiqi”, “inan haqlarının müdafiəçisi” sifətində təqdim edilməsi cəhdlərindən qaynaqlandığı məlumdur. Hətta hərəkat üzvlərinin gündəmdə qalmaq və həbsdən azad olunmaq ümidi ilə bu kampaniyalara qoşulduğuna dair etirafları da var. Burada hesabat müəlliflərinin informasiyanı dəqiqləşdirmədən, iddialara söykənərək hərəkət etdiyi aydın görünür.

Hesabatda ABŞ hökumətinə verilən tövsiyələr də diqqət çəkir. Bu tövsiyələrdən biri “Azərbaycan hökumətini 2009-ci il qanununun dəyişdirilərək, Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in 2012-ci il tarixli tövsiyələrinə uyğunlaşdırmağa, xüsusilə də Bakıdan kənarda yerləşən qeyri-ənənəvi qrupların qeydiyyatlı və ya qeydiyyatsız azad fəaliyyətinə icazə verilməsinə, vicdan məhbuslarının, özəlliklə də etiqadına görə həbs olunanların azadlığa buraxılmasına, ailə üzvlərinin, insan haqları müşahidəçilərinin onlarla təmasına imkan verilməsinə çağırmaqdır”.

Mövcud reallığın əksi bu tövsiyədə əks olunanların Azərbaycanda həyata keçirildiyini, hesabat müəlliflərinin də reallığı tam araşdırmadan, yaxud araşdırmaq istəmədən çıxış etdiyini təsdiqləyir. Hərçənd, Azərbaycanda “dini etiqad azadlığı haqqında” qanun və İnzibati və Cinayət məcəllələrinə edilən düzəlişlərin ölkədəki dini fəaliyyətə nəzarəti gücləndirdiyinə dair deyilənlər də ayrıca müzakirə mövzusudur.

Azərbaycanda dini etiqad azadlığı qanunvericiliklə təmin olunur, məhz ictimai dözümlülük və hökumətin yaratdığı şərait ölkəmizin dünyada tolerantlığın əsas məskənlərindən biri olması ilə nəticələnib. Qanunvericiliyə edilən dəyişikliklər də məhz radikalizmin qarşısını almaq, dünyəvi quruluşu qorumaq və ölkədə ictimai-siyasi təhlükəsizliyi təmin etmək xarakteri daşıyır. Bu gün Yaxın Şərqdə baş verənlər, dünyada terror tendensiyasının artması, elə Azərbaycanda Nardaran və Gəncə olayları, bununla yanaşı, bir müddət öncə İŞİD terror qruplaşmasına qoşularaq, terror çağırışları edənlərin mövcudluğu dövlətin buna qarşı immunitetini gücləndirmək zərurətini yaradır. Görünür, okeanın o tayındakılar bölgədəki vəziyyətə çox uzaqdan baxdıqları üçün potensial təhlükəni görə bilmirlər.

Digər bir tövsiyədə isə deyilir ki, ABŞ hökuməti “inanc azadlığını qrant kateqoriyasına və ABŞ-ın Beynəlxalq İnkişaf Agentlyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin fəaliyyət sferasına daxil etsin”. Bu da məsləhət görülür ki, Milli Demokratiya Fondu Azərbaycanda dözümlülük və din azadlığına dair vətəndaş cəmiyyəti proqramlarına qrantlar ayrılmasına sövq edilsin.

Azərbaycan dünyada “vəhdət namazı”nın qılındığı, bütün dini icmaların hüquqlarının dövlət tərəfindən qorunduğu, əsrlərdir multikulturalizm və tolerantlığın mövcud olduğu nadir ölkələrdəndir. Məscid, sinaqoq, kilsənin yan-yana olduğu, dini dözümlülüyün həyat tərzinə çevrildiyi bir ölkəyə hansısa qrant layihələrlə nələrsə ixrac etmək ABŞ vətəndaşlarının vergiləri hesabına formalaşan dövlət büdcəsini ən yaxşı halda “mənasız xərcə salmaq”dır, ən pisini siz düşünün...

Hesabatın sonunda yer alan ABŞ-da bir çox prezidentliyə namizədlərin dini məsələlər üzrə müşaviri olmuş din xadimi Johnnie Moorenin rəyi də Azərbaycandakı real vəziyyəti özündə əks etdirir. Moore Azərbaycanın bundan sonra da ikinci dəstədə saxlanmasına ehtiyac görmür, bəyan edir ki, ümumilikdə bu ölkənin geniş ictimaiyyəti dini dözümlülük nümayiş etdirir.

Bu, sünni və şiə dindarların, katolik və rus pravoslav xristianların birlikdə ibadət etdiyi, yerli yəhudi icmasının bütün azadlıqlara və tam təhlükəsizliyə malik olduqları demək olar ki, başdan-başa müsəlman bir ölkədir”, - deyə Moore bəyan edir.

Əgər bu hesabatı hazırlayanlar ABŞ dövlət büdcəsindən dini dözümlülük və etiqad azadlığının qorunması istiqamətində maliyyənin ayrılmasında israrçıdırlarsa, o zaman, bölgədə ən uyğun ölkə Ermənistandır: Sizə qriqoryanlardan başqa bütün dini kəsimlərin qovulduğu, yəhudi və müsəlmanlara amansız divan tutulduğu, işğal altındakı Azərbaycan ərazilərindəki məscidlərin, hətta qəbirlərin yerlə-yeksan olunduğu bir ölkədən bəhs edirik...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/277247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR