"Prezidentin tapşırıqlarına əsasən Sumqayıt Kimya Balaxanı Mingəçevir Qaradağ və Pirallahı sənaye parkları, Neftçala Masallı Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılıb".
Metbuat.az-ın məlumatına görə, bunu Kiçik və Orta Biznes Evi layihəsinin təqdimatı zamanı İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, sahibkarlara lazım olan dəstəklər təqdim edilib:
"Sənaye parklarına rezident statusu alan 43 müəssisədən 33-ü artıq fəaliyyətə başlayıb. İndiyədək rezidentlər tərəfindən 5,6 milyard manat investisiya yatırılıb və 8,1 mindən artıq yeni iş yeri yaradılıb. Növbəti dövrdə 372 milyon manat investisiyanın yatırılması və 950-dən artıq iş yerinin yaradılması istiqamətində iş aparılır. Neftçala və Masallı Sənaye məhəllələrinin iştirakçıları tərəfindən 51 milyon manat investisiya yatırılıb. 700-dən artıq iş yeri yaradılıb. Hacıqabul və Sabirabad sənaye məhəllələrinin iştirakçıları tərəfindən isə 81 milyon manat investisiya yatırıb və 1200-dən artıq yeni iş yerlərinin açılması istiqamətində iş aparılır".
Nazir müavininin sözlərinə görə, indiyədək 362 layihəyə investisiya təşviqi sənədi verilib. Azərbaycanın 8 iqtisadi rayonunu əhatə edən bu layihələrə 3,1 milyard manata qədər investisiya yatırılması və 23,7 minədək yeni iş yerinin açılması nəzərə tutulub.
Günay Elşadqızı / METBUAT.AZ