"Son 10 ildə heç bir vətəndaş şəxsi təsərrüfatına, əmlakına, kənd təsərrüfatı heyvanın hücum edən canavarı vurduğuna görə cərimə olunmayıb. Bu sadəcə dildən-dilə yayılan sözdür".

Metbuat.az-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib. Bəzi vətəndaşların canavarı vuranlar 2000 manat cərimə olunur sualına cavab verən H.Əlizadə bildirib ki, belə bir hal baş verməyib: "Əslində bu sözün yayılması bir tərəfdən yaxşıdır ki, insanlarımız boş yerə canavarı vurmazlar. Bəzən insanlar gedib o heyvanların ərazilərinə müdaxilə edilər. Heç bir heyvanın səbəb olmadan vurulması düzgün praktika deyil. Canavarı və ya digər vəhşi heyvanların vurulmasının nəticəsini digər ölkələrin timsalında görmüşük. Qarşısıalınmaz proseslər gedir. Hər hansı heyvanın kütləvi şəkildə vurulması təbiətdə qida zəncirinin pozulmasına səbəb olur, o əraziyə yeni növlər gəlir onları məhv edən başqa növlər ortaya çıxır. Bütün bunlar o ərazinin nəinki tək fauna aləminə, həm də birbaşa florasına təsir edir. Amma təbii ki, dövlət qurumları lazımi işləri görürlər və insanlarımızın təhlükəsizliyi üçün bütün tədbirlər həyata keçirilir".

Hikmət Əlizadə bildirib ki, əgər insanlar heç bir səbəbdən olmadan meşəyə gedib canavarı vursa, bu zaman qanunsuz ov və canavar olmasına görə 1050 manat cərimə olunur.

Günay Elşadqızı / METBUAT.AZ