Belarusda "Uzaq sahillərdə” filmi nümayiş etdirildi - FOTO

Belarusda "Uzaq sahillərdə” filmi nümayiş etdirildi - FOTO
07:43 4 May 2019
Ölkə mətbuatı
A- A+

Cari ilin 2 may tarixində Azərbaycan Respublikasının Belarusdakı Səfirliyinin təşkilatçılığı ilə, Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə MDB İcraiyyə Komitəsinin mənzil-qərargahında əfsanəvi kəşfiyyatçı-partizan Mehdi Hüseynzadəyə həsr olunmuş “Uzaq sahillərdə” filminin nümayişi təşkil olunub.

Publika.az-a səfirlikdən verilən məlumata görə, tədbiri MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski açaraq Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibətilə tədbirin Azərbaycan Respublikasının Belarusdakı Səfirliyinin təşəbbüsü təşkil olunduğunu bildirmişdir.

V.Quminski qeyd edib ki, bu bizim ümumi qələbəmizdir, keçmiş SSRİ-nin bütün xalqları qələbənin əldə olunması üçün böyük qurbanlar verib. Əldə olunan bu qələbə bizim üçün çox əzizdir. Bu gün daha bir Sovet İttifaqı qəhrəmanını tanıyacaqlarına görə Azərbaycan Səfirliyinə öz təşəkkürünü bildirib.

Səfir Lətif Qəndilov çıxış edərək tədbir iştirakçılarına Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyat və döyüş yolu barədə geniş məlumat verib. Qeyd olunub ki, Mehdi Hüseynzadə Stalinqrad uğrunda gedən döyüşlər zamanı ağır yaralanaraq əsir düşmüş və 3 dəfə əsirlikdən qaçmağa cəhd edib və sonda buna nail olaraq Yuqoslaviya partizan hərəkatına qoşulub. Mehdi Hüseynzadənin Yuqoslaviya Xalq Azadlıq Ordusu cərgələrində döyüş yolu uzun müddət Sovet İttifaqının geniş ictimaiyyətinə məlum olmayıb. Yuqoslaviyanın o dövrdə rəhbəri olan İosip Broz Tito SSRİ-yə səfəri zamanı Stalinə Yuqoslaviya partizan hərəkatında qəhrəmanlıqla döyüşmüş Qafqazlı Mehdi Hüseynzadənin qəhrəmanlıqları barədə məlumat verdikdən sonra onun döyüş yolu ilə bağlı araşdırma aparmaq o zamanlar Azərbaycan SSR-nin Dövlət Təhlükəsizliyi Komitəsində çalışan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həvalə olunub. Səfir bildirib ki, aparılan araşdırmaların nəticəsi olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 aprel 1957-ci il tarixli əmri ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib, 1959-cu ildə Həsən Seyidbəylinin və İmran Qasımovun ssenarisi əsasında M.Hüseyinzadənin qəhrəmanlığına həsr olunmuş “Uzaq sahillərdə” bədi filmi çəkilib 1972-ci ildə Bakı şəhərinin mərkəzində Heydər Əliyevin təşəbbüsü ilə əfsanəvi kəşfiyyatçı-partizan M.Hüseynzadəyə möhtəşəm abidə ucaldılıb.

Səfir bildirib ki, xalqımız Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini hörmətlə müqəddəs tutur və hörmətlə xatırlayır. Ümumi qələbənin əldə olunmasında Azərbaycan xalqı 400 mindən çox oğul və qızlarını itirib. Səfir dəvəti qəbul edərək gəldiklərinə görə tədbir iştirakçılarına, MDB İcraiyyə Komitəsinin əməkdaşlarına və Belarusda akkreditə olunmuş Səfirlərə öz təşəkkürünü bildirib.

Tədbirdə nümayiş olunan “Uzaq sahillərdə” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və böyük təəssürat buraxıb

Filmə baxışdan sonra furşet təşkil olunub və filmlə bağlı müzakirələr aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/277656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR