Bakı, 6 may, AZƏRTAC
Mayın 4-6-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən “İDEF-2015” beynəlxalq müdafiə sərgisində iştirak edib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti tədbirin pavilyonlarına baxış keçirərək müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel, Quru Qoşunlarının komandanı, ordu generalı Hülusi Akar, Sahil Mühafizəsinin komandanı, vitse-admiral Hakan Üstem ilə təkbətək görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Quru Qoşunları və Sahil Mühafizəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Qurumlar arasında qarşılıqlı əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, hərbi-texniki sahədə və sərhədlərin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Səfər dostluq və səmimi anlaşma şəraitində keçib.