"İyunda Vyanada OPEC+ formatında konfrans keçiriləcək".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, burada hər dəfə olduğu kimi ötən dövr ərzində neft bazarında baş verən hadisələr, neft bazarının tənzimlənməsi üçün lazım olan addımlar nazirlər səviyyəsində müzakirə olunacaq: "Ola bilsin ki, bu müzakirələrin nəticəsi olaraq növbəti dövr, yəni cari ilin ikinci hissəsi üçün yeni qərar qəbul edilsin. Ancaq bu, ehtimaldır. Qərara gəldikdə isə burada söhbət hasilat həcmindən gedir. Mövcud bazarda olan vəziyyətdən asılı olaraq bu və ya digər şəkildə hasilatın artırılması və ya azaldılması haqqında vaxtaşırı qərarlar qəbul edilir. İyunda keçiriləcək nazirlər səviyyəsində olacaq konfransda da bu cür qərarların qəbul edilməsi mümkündür. Ona görə ki, bu cür qərarlar yalnız nazirlər səviyyəsində keçirilən konfransda qəbul olunur".

Qərarlarla bağlı gözlənti gəldikdə nazir bildirib ki, bu barədə nəsə demək çətindir: "Hazırda neft bazarına təsir göstərən bir çox amillər mövcuddur. Yəni belə desək, fundamental amil olan tələb-təklif prinsipi həmişə işləmir. Eyni zamanda bir sıra digər faktorlar ortaya çıxır. O cümlədən geosiyasi vəziyyətdən irəli gələn hallar da mövcud vəziyyətə təsir göstərir. Bilirsiniz ki, hazırda Venesueladakı vəziyyət və bir sıra digər mövcud münaqişələrin hamısı neft bazarına və neft qiymətlərinə öz təsirini göstərir. Ona görə də, biz iyununda müzakirələr nəticəsində qəbul ediləcək qərarları gözləməliyik".

Hasilatın azaldılması ilə bağlı qərar qəbul edilsə, Azərbaycanın hansı addım atacağı barədə məlumat verən nazir qeyd edib ki, ümumiyyətlə bu günə qədər görürük ki, bu format çərçivəsində fəaliyyət, Azərbaycanın bu təşəbbüsə qoşulması son nəticədə ölkəmizin iqtisadiyyatına çox müsbət təsir göstərir:

"Yəni neft qiyməti stabillışir. Həm də burada böhran dövrü ilə müqayisədə kifayət qədər yuxarı diapazonda artım formalaşır və ona görə də düşünürəm ki, biz bu təşəbbüsdə öz fəaliyyətimizi davam etdirəcəyik. Amma bu gün hələ hər hansı bir qərar vermək üçün tezdir. Gözləyək görək qərarlar, ümumiyyətlə vəziyyət necə olacaq. Ondan sonra Azərbaycan bu qərarlara qoşulub-qoşulmamaq barədə qərar verəcək".

Günay Elşadqızı / METBUAT.AZ