Bakı, 6 may, AZƏRTAC
AZƏRTAC Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Nepaldan vətəndaşları evakuasiya edən “İl-76” hərbi təyyarəsi Bakıda yerə enib.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bakıda təyyarə yanacaqla təmin ediləcək, sonrakı uçuşa hazırlanacaq və Ukraynaya yola düşəcəkdir. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, evakuasiya olunanların ümumi sayı 87 nəfərdir. Onların 76 nəfəri Ukrayna vətəndaşı, 11 nəfəri isə başqa dövlətlərin vətəndaşlarıdır.
Nepaldan vətəndaşları evakuasiya edən “İl-76” təyyarəsinin bu gün axşam Bakıdan Kiyevə uçacağı gözlənilir.