"Bir neçə qadın dayanacağına baş vururlar və nəhayətində birində yorulub..." - Ayxan Ayvaz VOLTERin suallarında

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz yazar Ayxan Ayvazdır.

- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- Mən sevginin pessimistləşməsinə qarşıyam. Ümumiyyətlə, sevgi bu dünyanın ən gözəl hissidir. Ondan vaz keçmək olmur. Və sən əlbəttə ki, bu yola baş qoşursansa, necə deyərlər, əzabına da qatlaşmalısan. Xoşbəxtlik də əzablardan sonra daha keyfiyyətli hal alır. Bərk sevməyə gəlincə... Yox, o cür sevmirəm. Sevgini ilahiləşdirməyin və yaxud yuxarılara qaldırmağın tərəfdarı deyiləm. Rahat şəkildə sevmək lazımdı. Bir-birini anlayaraq. İndi daha çox yorulmuş və öz dayanacağını tapmış biri kimi deyirəm bunu. Kişilərdə adətən belədir. Bir neçə qadın dayanacağına baş vururlar və nəhayətində birində yorulub elə onda qalırlar. Mən yorulub bir kənarda sevməyi seçmişəm.

- Sevgi öldürməyə qadirdir?

- Əgər normal deyilsənsə, əlbəttə, qadirdir. Sevgiyə bu cür mənalar yükləməyi sevmirəm. “Sevgi öldürər”, “Sevmək insanı məhv edir” və s. Anormallıqdır. Ciddi şəkildə psixoloji dəstəyə ehtiyacı var bu cür insanların. Sevgi içində heç bir fəlsəfə daşımayan sadə və işıqlı, bir az da bayağı bir şeydir. Yəni onu bu qədər də böyütməyək...

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- Azadlıq yoxdur. Bunu dəfələrlə demişəm. Bu bizim – yəni insanların uydurduğu nağıldır. Sən heç vaxt azad ola bilmirsən. İnsan azad dünyaya gəlməyib. Onun özünün hördüyü həbsxana divarlarını yıxmaq olmur. Bu, bizim həyatımızın ən acımasız gerçəkliyidir.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Mən bu yeni dünya haqda çox düşünmüşəm. Sadəlövhcəsinə. Məsələn, belə bir dünya düşünmüşdüm: orda yalnız uşaqlar yaşayır. Təsəvvür edirsiniz? Uşaqların olduğu bir dünya. Heç bir böyük yoxdur. Davalar yoxdur, savaşlar yoxa çıxıb. İntriqalar, eqolar, nə bilim, ziddiyyətlər – heç biri bu dünyaya ayaq basmayıb. Hər şey elə körpəcəsinə məsumdur. Bəzən düşünürdüm ki, kaş həyat qocalıqdan başlayardı və sən günün birində uşağa çevrilərdin. Mənim eskizini cızdığım dünya da belə bir dünyaydı. Şairin də dediyi kimi, dünyanı verək uşaqlara, heç olmasa bir günlüyə...

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Ən böyük sualdır bu və çözümünü hələ də tapa bilməmişik. Solçular gəldi bir vaxt, dedilər dünyaya bərabərlik yaymalıyıq. Trotski ənənələri işə yaramadı. Bərabərlik yaratmaq istəyən ideologiyan da istifadə olundu, hər şey bir əldə cəmləndi, bununla da bərabərliyin fonunda daha dəhşətli mənzərələrin şahidi olduq. Çətindir. Bir neçə tezis qoyulub ortaya. Fəlsəfi fikirlər deyilib. Asif Ata da öz ideyasında bu bərabərliyin mövcudluğuna inanırdı. Ancaq bu daha çox kağızlarda öz təsdiqini tapdı. O ideyalar reallıqla toqquşub darmadağın oldu. Bu mənada, reallıqla üst-üstə düşəcək bir bərabərliyin mövcud olacağına şübhəm var.
- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Ölüm heç vaxt yaxşı deyil. Bir şey ki həyatın sonudur, sənin sonundur – bu heç vaxt yaxşı ola bilməz. Həyat onunla ölüm arasında qalan məsafədə gözəldir. Yəni o məsafə mübarizədir və biz mübarizəyə görə yaşayırıq, o yaşamdan zövq alırıq. “Onsuz da öləcəyik” deyən adamlardan uzaq gəzmişəm həmişə. Mən yaşamağı seçmişəm həmişə. Ən çətin zamanlarda belə.

- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Ümumiyyətlə, hər şeyə mız qoyan, hər şeydə bir mənfi nüans tapıb onu qabardan adamları anlaya bilmirəm. Xoşbəxt olmaq hər kəsin öz əlindədir. Əminəm buna. Biz kainata pozitivlik ötürəndə, o da bizə eynisini qaytarır. Yəni kədərin də öz yeri var. Pessimistlər ən böyük düşmənlərimdi. Hər şeyi öz qədərincə yaşamaq lazımdır. Kədəri də, sevinci də. İnanın, intihar etmək üçün yüzlərlə səbəb deyə bilərəm. Eynən yaşamaq üçün də. Sadəcə bəzi adamlar yalnız həyatın rəngsiz tərəfini görürlər.

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Bilmirəm, kimin sözüdür, bəlkə də özüm demişəm: “Yaradıcı adamlar faciəyə meylli olur”. Daha doğrusu belə deyək. Faciələr həyatı daha fərqli edir. Yəni şairin dediyi bir məqam var: dərddən gülmək. O məqama ulaşdınsa deməli, sən artıq bu dünyanın yükünü rahatlıqla çiyinlərində daşıya bilərsən. Bəlkə də faciələr bir-birinə bənzədiyi üçün maraqsız gəlir. Amma faciələrin hərəsi bir cür ağrıdır. O ağrıların təkrarı yoxdur.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- İnsanlara konkret adlar qoya bilmirəm. Mən elə baxa bilmirəm insanlara. Şablon da olsa deyim: insanları sevirəm. Bütün mənfi tərəfləri ilə bir yerdə...

- Kandid olmağa nə mane olur sizə?

- Bəlkə heç Kandid olmağa gərək yoxdu?

Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı