"İndiyə kimi heç bir qızla əl-ələ tutub sevgi yaşamamışam" - Gənc şairdən İNANILMAZ cavablar

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz şair Eminquey Akifdir.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- İndiki dövrdə Kandid kimi baron qızına da aşiq olmaq olar, amma indi çox əksər hallarda hansısa adam Kandid kimi zorlanmış sevgilisinin arxasınca sonuna kimi gedə. Yəni, zorlanmış qızı elə zorlayanın özü ilə evləndirərdilər, vəssalam! Mənə gəldikdə isə baxmayaq ki, sevgidən də yazdığım şeirlər olub, amma mən indiyə kimi ancaq platonik sevgilərin qurbanı olmuşam. İndiyə kimi heç bir qızla əl-ələ tutub sevgi yaşamamışam. Axırıncı dəfə beş il bundan qabaq buna çox yaxın idim, o qız da öz qohumuna ərə getdi.(Gülür)

- Sevgi öldürməyə qadirdir?

- Dünyadakı ölümlərin 90 faizi elə sevgiyə görə baş verir də. Ölüm təkcə cismani baş vermir ki. Adəmlə Həvva da azadlıq sevgisiylə qadağan olunmuş meyvədən yeyib cənnətdən qovulmuşdular. Cənnətdən qovulmaq da ölüm kimi bir şeydir. Dünyada yeganə sevdiyim anamdır, bəli, lazım gəlsə onun qorumaq üçün ölərəm də. Biz öləndə belə sevgimizin yaşaması üçün ölürük.

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- Azadlıq uğrunda vuruşan, hətta qalib gələn adamlar belə azadlığa qovuşa bilməyiblər. Çünki azadlıq bu dünyanın neməti deyil. Azadlıq uşaq deyil ki, istəklə törəyə. Müəyyən mənada azadlıq hesab etdiyimiz bir şeyə layiq olmalısan. Bir xalq kimi, bir fərd kimi. Çünki o pul qədər çirkli bir şey deyil ki, murdarlıqlarla sahib olasan.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- İnsanın içində.

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Sərhədlər bərabər bölünsəydi, yaxud da heç olmasaydı mövcud olardı.

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Çox az adam taparsan ki, vicdanı ağrısın. Vicdanı ağrımadan yaşamaq maraqsız olmazdımı? Vicdanın ağrıyırsa, demək ki, tək deyilsən. Səninlə söhbətləşən birisi var. Mən vicdana Allahın qəzetində, saytında işləyən bir jurnalist deyirəm. Gəlir, sual atəşinə tutur, cavablarını alır, gedir. Jurnalist də maraqlı adamdan müsahibə alır da. Vicdan kimi dindirmirsə, demək ki onunla məsələ bitib, onu o da yaxşı tanıyır, Allah da, insanlar da.

- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Bu, insanın Adəmdən öncəki cənnət yaddaşıdır. Cənnətdə o qədər rahat yaşayıb ki, indi də asana qaçır. Cənnətdə o qədər gözəlliklər görüb ki, ona adi gəlir və qaçır asana, yəni əyər əskiklik axtarışına.

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- İnsanın ən qədim yazı növünü yadınıza salın. Fikirlərini şəkillərlə ifadə ediblər. Çox da uzağa getməyək, Qobustandakı daş üstü şəkillərə baxmaq bəs edir. Görüntü insana elə o vaxtdan maraqlı olub, daha yaxşı həzm edib. Və yenə deyirəm, bu daha asandı axı. Biri var, kitabı oxuyasan, orada baş verən hadisələri öz beynində özün canlandırasan, biri də var ki, rahatca oturub izləyirsən. Məsələn, mənə gözlərimlə gördüyüm atamın ölümü daha çox təsir edir, nəinki görmədiyim dostumun ölümü. Kök yerində qalır, ölüm ölümdür, amma təsir çevrəsi fərqlidir. Bu gün insanlar bu məsələdə pik nöqtədədirlər. Niyə kitaba maraq ən düşük səviyyədədir? Çünki artıq görüntü əsridir. İnsanların “Səfillər”i oxumağa hövsələsi çatmır, amma onu seriala çevirsələr, görün necə baxacaqlar.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- İnsanın birinci Vətəni ana bətnidir. Düzdürmü? İnsan yalnız ana bətnində bu cür şeylərdən uzaq olur. O da ki, şüursuz şəkildə baş verir.

- Kandid olmağa nə mane olur sizə?

- Məmcə Volter yaratdığı Kandid obrazına özü belə inanmayıb. Kandid bizim körpəliyimizdir, vəssalam! Qəddar insanların olduğu bir yerdə nifrətsiz yaşamaq mümkün deyil.

Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı