“Sənə evimə gəl demirəm..." - Gənc jurnalistdən İDDİALI cavablar

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz jurnalist Nərgiz Nənədir.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- Yadıma lap Koelyo düşdü: “Buzlaşma dövründə heyvanların çoxu soyuğa görə məhv olur. Təkcə kirpilər sürü formasında yığışmağa qərar verir. Beləcə, həm isinirlər, həm də digər təhlükələrdən qorunurlar. Amma böyür-başlarındakı dostları kirpilərin tikanlarından əziyyət çəkir. Buna görə də bir-birlərindən uzaqlaşmağa qərar verirlər. Bu dəfə də donaraq ölməyə başlayırlar. İki seçimləri var: ya dünyadan tamamilə silinib gedəcəklərdi, ya da dostlarının tikanlarına dözməli idilər. Ən düzgün qərarı verib, yenidən birləşirlər. Başqasının istiliyindən vaz keçə bilmədikləri üçün birlikdə qalaraq, kiçik yaralara dözürlər”. Rahatlığımızı təmin edən hər şeyin içində əziyyət mütləq var. Sevgi – sadədir, qısamüddətlidir, sevda – ağırdır, çətindir, uzunmüddətlidir. Mən isə eyni Taqorun dediyi kimi: “Sənə evimə gəl demirəm, mənim sonu görünməyən yalnızlığıma gəl".


- Sevgi öldürməyə qadirdir?

- Sevgi daha çox düşündürür. Nəyi? Ürəyimizdəki matəmlərin haradan gəldiyini, hisslərimizin üzərində mismarlanıb oturduğunu, sonra da ürəyi istəyəndə bizi necə yorduğunu, hətta incitdiyini.


- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- Ürəyiniz su istəyəndə bulaqdan içə bilmirsinizsə, saçlarınızı qalalardan sallaya bilmirsinizsə, yaraşıqlı sevginiz o qalaya uzaqdan baxırsa və çıxa bilmirsə və hekayələriniz yoxdursa, azaqlıqdan danışmaq olmaz. Bizim sıxıntılarımız belə azad deyil. Azadlıq haqqında hələ sadəcə danışmaq üçün bir az da zaman tanısınlar bizə. Bəlkə bir gün dadarıq... Azadlıq istədiyimiz tərəfə qaçmaq deyil, seçimlərin arasında hansı tərəfə qaçdığımızı bilməkdir. Azadlıq bizim krallığımıza tərəf gələn divdir. Biz isə hələ ki, ona şorba bişirməklə məşğuluq.


- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Bu dünya soyuyacak günün birinde,

hatta bir buz yığını

yahut ölü bir bulut gibi de deyil,

boş bir ceviz gibi yuvarlanacak

zifiri karanlıkta uçsuz bucaksız.


- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Xeyr.


- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Ateist olmasaydım, asanlıqla “Allah səni sağ və salamat yaratdığı üçün hər gün şükür etməlisən” deyərdim, amma məsələ daha qarışıqdır. Hər bir halda ayaqların var və gəzə bilirsənsə, türmədə yox, azadlıqdasansa, ölümün yaxşı olduğunu düşünməməlisən. Hələ üstəlik gözlərin də eynəksiz, tərtəmiz görürsə, qoy, ağrıyan vicdanın olsun. Heç olmasa vicdanın varlığı bizi cızığımızdan çıxmağa qoymur.


- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Hər şeyi atalarımız olan “Sapiens”lərə borcluyuq. Yeri gəlmişkən, oxumayan və oxumağı sevən hər kəsin Yuval Noah Hararinin “Sapiens” adlı kitabını oxumağını istərdim.


- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Qısqanclıq.


- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- Səbəbi elə nəticədir. Nənələrimizdən yadigar qalan və ruhumuza hopmuş qeybət arzusu izlədiyimiz faciələri birbaşa nəql etməyimizə və əli ağzında qalan qonu-qonşunun şərhlərini dinləməyimizə kömək edir. Oxuyanda isə yalnızıq, ruhumuzun belə olmadığı yerlərdəyik. Faciənin göz yaşını heç kimin çiyninə axıda bilmirik deyə oxumaq maraqsız gəlir.


- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- Hər insanın birbaşa beynində bu xarakterlərdən heç olmasa biri var. Onsuz da bir çoxunun qapısı elə eyni nöqtəyə açılır: saxtakar cahillər.


- Kandid olmağa nə mane olur sizə?

- Elə Kandidin özü. “Mən etdim, siz etməyin” deyir.


Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı