"20 təpik nədir ki, o hislərin yanında?" - Tanınmış şair cavablandırdı

Qərara aldıq ki, son üç yüz ildə insan düşüncələrində gedən dəyişiklikləri izləmək məqsədilə Volterin məşhur “Kandid və optimizm” povestində Kandidin verdiyi və Kandidə verilən sualları Azərbaycanın tanınan simalarına ünvanlayaq.


Müsahibimiz şair Emin Piridir.


- Ürəyimizə yiyəlik edən, ruhumuzu qaplayan şeyin nə olduğunu bildirən sevgi mənə bircə öpüş bağışlamışdı, ancaq bunun qarşılığında mən 20 təpik yemişdim. Belə gözəl bir şey olan sevgi niyə iyrənc nəticələr doğurur və siz bərk sevirsiz yoxsa, necə?

- Ya dəlicəsinə sevirəm, ya da heç sevmirəm.Bir qadını sevəndə onun uğrunda hər şeyi gözə alıram. Bu nə qədər dəlilik olsa da adrenalin dolu, gözəl hislərdir. 20 təpik nədir ki, o hislərin yanında. Adam canını da qurban verər. Yetər ki, yenidən elə sevə bilim. Ümumilikdə hər şeyə qarşı sevgim var. Hər insanı sevə bilərəm. Düzdü, bu daha çox insani sevgidir, nəinki bir qadına olan hislər. Bir qadını sevmək yenidən doğulmaqdır. Hər insanın həyatında yenidən doğulmaq, bu dünyanı yenidən yaşamaq isyətəyi olur. Eləcə də məndə...

- Sevgi öldürməyə qadirdir?

- Sevgi öldürmür, sevginin ünvanı isə öldürməyə qadirdi. Amma bu bildiyimiz cismani ölümdən daha ağırdı. Amma bu öıümün yeganə fərqi var ki, ölmüş ruhu başqa bir sevgi ünvanı yenidən dirildə bilir.

- Azadlıq ancaq mütləq bir zərurət kimi gerçəkləşə bilər. Bizim azadlığımız qıraqdan gəlib çıxmır, bunun üçün gərək istək olsun. Azadlıq sadəcə istəkləmi törəyir?

- Azadlığı nə qədər fərdi düşünsək də, azad olanların bir çoxu azadlığını özü qazanmayıb, sadəcə qazandırılıb ona. Hazırın nazirinə nail olunan azadlıqlar təhlükəlidir. Çünki bu azadlıq özünün dəyərini anlamaq qüdrətində deyil. Yalnız müdriklər anlar ki, bunu hər kəsdən gözləmək absurddu. Ona görə də deyirəm ki, istək lazımdır, amma bu istəyi yalnız bir kəsm istəklə cəsarətini birləşdirib nail olur, digərləri isə yararlanır. Səbəblərdən birisə, insanlar ruhunun azadlığından qorxur. Bir növ qəfəsdən çıxmağa, nə edəcəyini bilməyən quş kimi qorxur. Və ruhunu qəfəsə qapadır.

- Kandid yeni dünyaya gedir. Orada hər şey bizim bu köhnə dünyadakından yaxşı olmalıdır. Mənə elə gəlir, bu yeni dünyanın dənizləri də Avropanın dənizlərindən yaxşıdır. Bəs haradadır, o yeni dünya?

- Burdan qıraqda hər şey yaxşıdır və burdan qıraqda hər şey burdan pisdir. Sadəcə baxış bucağını dəyişməlisən. O zaman yaxşını pis, pisi yaxşı görmək olar. Mövlanənin 33 quşun simurq quşu axtarmasına" bənzədərdim. O yaxşıların hamısı düşüncələrimizdədir. O paralel dünyanı bu dünyaya tətbiq edə bilərik.

- Yer üzündəki bütün sərvətlər hamınındır, hamı bunlardan bərabər yararlanmaq haqqına sahibdir. Dünyada bərabərlik mövcuddurmu?

- Mənə görə kapitalizm mədəni quldarlıqdır.

- Yaşam sevgisi deyilən şey bizim ən gülünc gücsüzlüyümüzdür. Axı, sonunda torpağa düşəcək ağır bir yükü çiynində daşımağın nə anlamı var? Bu öz varlığından utanmaq, sonra da onu qorumağa çalışmaq deyilmi? Gecə-gündüz vicdanı ağrıyaraq yaşamaqdansa, ölüm yaxşı deyilmi?

- Sabah öləcəyiksə bu gün niyə yaşamayaq? Hər an öləcək kimi yaşamaq, hər an ölməyəcək kimi sevmək. Düşünmürəm, gücsüzlükdü, amma həyatı bu qədər də ciddiyə almaq lazım deyil. Həyatı çox ciddiyə alanda o səni ciddiyə almır. Amma pessimistliyin içində belə azacıq optimizm görən biri kimi, öləcəyimi bilə-bilə sevməkdən zövq almağa çalışıram. Bəlkə də çoxumuzun yaşamağı kimlərinsə acığınadır.

- Maddi və mənəvi yamanlıqlar üzrə baxışlarınızın kökündə nə dayanır?

- Duyğular, jestlər, intuisiyam.

- Başqalarının gözəllik tapdığı yerdə əyər və əskiklik axtarmağın adı və dadı nədir?

- Başqalarının xoşbəxtlik tapdığı yerdən zövq almağa çalışmalısan. Əgər o xoşbəxtliyin onu uçuruma apardığını görürsənsə uzağı daha yaxşı təklifin olmalıdır. Alternativin olmadan insanları gözəllikdın ayırmaq ən azından haqsızlıq olardı. İnsanı gözəllikdən məhrum etmək yetim haqqı yemək, kimisə gözəllikdən məhrum etmək Allaha şirk qoşmaq kimi bir şeydir .

- Görəsən, niyə faciələrə maraqlı tamaşa edirsən və faciələri oxuyanda çox maraqsız olur?

- İnsanların hərəsi bir faciə yaşayır. İnsan xisləti özü kimi birilərini axtararaq özünü təsəlli etmək istəyir.

- İnsanların bəziləri bütün çağlardamı indi olduğu kimi, fırıldaqçı, yalançı, dönük, yaxşılıq itirən, qorxaq, fanatik, iki üzlü olmuşlar?

- Hissiyatı olan hər canlıda bu xarakterlər var. Sadəcə insanın hissiyatından əlavə şüuru da olduğundan bunlar daha qabarıq özünü göstərir. Canlı dünyası mövcud olduqca dediyin xarakterlər dünyada həmişə olacaq. Mədə, şəhvət. İnsan bu iki tələbatı aşmayana kimi bu xarakterimizdən əl çəkmək mümkünsüzdü.

- Kandid olmağa nə mane olur sizə?

- Şüurum. Ruhumun daha azad olmasından qorxur.

Hazırladı:

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı