Bakı 7 may, AZƏRTAC
Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ulu öndərimizin uyuduğu Fəxri xiyaban bu gün xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşib.
Ümummilli lider Heydər Əliyev ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət olub. Azərbaycanın tarixi keçmişini bərpa edib, milli mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıb. Bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına sərf edən bu dahi şəxsiyyət Azərbaycanı dünyaya tanıdıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradıb, dövlət idarəçilik mexanizmini formalaşdırıb. Hələ ötən əsrin 70-80-ci illərində hakimiyyətdə olarkən fenomenal uzaqgörənliklə respublikamızın həm mənəvi-iqtisadi mühitini, həm də insan resurslarını müstəqilliyə hazırlayan ulu öndər Heydər Əliyev sistemli bir şəkildə milli inkişafın əsas istiqamətlərini müəyyənləşdirib, məqsədyönlü və düşünülmüş tədbirlər həyata keçirib.
Vurğulanıb ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Çağdaş tariximizə yeni missiya ilə daxil olan Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın sürətli inkişafına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Onun rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Daha sonra tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri müxtəlif əsərlər ifa edib.