Britaniyada ümumi seçkilərin məntəqə qapıları açılıb. Bu seçkidə 50 milyon insan səs verir. Britaniya seçkilərinin bir xüsusiyyəti də budur ki, səs verməyə gələnlər şəxsiyyəti təsdiq edən sənəd və ya şəxsiyyət vəsiqəsi təqdim etmirlər.“Səs vermək üçün bu sənədi özünüzlə götürməyinizə ehtiyac yoxdur” – səsvermə kartının üzərində deyilir. Bu kartlar seçkidən əvvəl evlərə göndərilir və sadəcə olaraq məntəqənin yerini bildirmək üçündür.
Beləliklə, səs verərkən kimliyinizi təsdiq edən heç bir sənəd təqdim etməyə borclu deyilsiniz. Üstəlik Britaniyada şəxsiyyət sənədi ümumiyyətlə icbari deyil.
Milli.Az BBC-yə istinadən bildirir ki, səs vermək üçün sizin sadəcə olaraq məntəqəyə gəlib seçki rəsmisinə adınızı bildirməniz kifayətdir. Bundan sonra isə sizə bülleten verilir və səs vermək istədiyiniz namizədin adının qarşısında xaç işarəsi qoyub bülleteni qutuya salırsınız.
Bəs görəsən niyə Britaniya başqa ölkələrdə geniş tətbiq olunan şəxsiyyətin müəyyənləşdirilməsi metodundan inadkarlıqla imtina edir?
Britaniya ənənəsi
Bu gün sülh şəraitində Birləşmiş Krallıqda şəxsiyyət vəsiqələri məcburi olmasa da, kimliklərin icbari olduğu dövrlər də olub.
İkinci Dünya Müharibəsi illərində hökumət icbari şəxsiyyət vəsiqələri tətbiq etsə də, vəd vermişdi ki, müharibə qurtaran kimi bu praktika dayandırılacaq.
İcbari vəsiqələrin gəzdirilməsi 1952-ci ilədək davam edib. Lakin hətta həmin vaxtlarda da ictimaiyyətin belə sənədlərə münasibəti pis olub və adamlar onların azadlıqlarına məhdudiyyət qoyulduğunu düşünürmüşlər.
Lakin bu məsələ zaman-zaman gündəmə qayıdıb və ABŞ-da 2001-ci il 11 sentyabr terror hücumlarından sonra Britaniya hökuməti 2004-cü ildə belə kartların könüllü əldə olunmasına imkan yaradıb. Bu da bildirilmişdi ki, siyasi baxımdan zəruri olarsa, kartlar icbari də ola bilər.
Amma bu məsələyə mənfi münasibət belə planlara birdəfəlik son qoyub.
Şəxsi azadlıq
Şəxsiyyət kartlarının əleyhinə ən güclü çıxan – mühafizəkar millət vəkili David Davis olub. O düşünürdü ki, belə kimlik kartlarının tətbiqi, sonunda “məlumat banklı dövlətin yaranmasına və şəxsi sirlərin rəsmi güdükçülərin, məsuliyyətsiz hökumət qulluqçularının və nəhayət kriminal hakerlərin əlinə keçə bilər”.
Könüllü plana görə, şəxsiyyət kartlarını almaq mümkün idi, lakin üstəlik həm də havayı olmadığı üçün çox adam bunu istəmirdi. Sonunda 2010-cu ildə hökumət öz planından vaz keçdi.
O vaxt daxili işlər naziri Theresa May demişdi ki, bu “müdaxiləçi” tədbirin ləğvi "namuslu, qanuna tabe vətəndaşların üstündən əlavə nəzarətin götürülməsi istiqamətində hökumətin ilk addımıdır".
Odur ki, bu gün seçici məntəqəyə gələndə və adını deyəndə, rəsmi ona yalnız inanmalı olacaq.
Milli.Az