Bakı, 7 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. A.Rəhimov bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmaz fəaliyyət göstərib, bu işdə əvəzsiz xidmətlər göstərib. Dahi rəhbər Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.
Qeyd edilib ki, ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail olub, mükəmməl ordu quruculuğu prosesinin əsasını qoyub. Müdrik şəxsiyyət yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək vahid komandanlığa tabe olan nizami ordu yaratdı.
Diqqətə çatdırılıb ki, əsas təyinatı müstəqilliyimizi, dövlətçiliyimizi, torpaqlarımızı və xalqımızın təhlükəsizliyini qorumaq olan ordunun qurulması bir çox amillərlə bağlıdır. Uğurlu xarici siyasət strategiyasına, sürətli iqtisadi inkişafa nail olmaq, xalqın milli mənəvi birliyinin özəyini təşkil edən milli ideologiyanın yaradılması bu amillərin əsasını təşkil edir. Balanslaşdırılmış xarici siyasət, sabit və davamlı iqtisadiyyat, yüksək mənəvi birlik – məhz bu üç amil güclü ordunun yaradılmasının kökündə dayanan və həlli üçün güclü iradə, bilik tələb edən məsələlərdir.
Arzu Rəhimov deyib ki, Ulu Öndərimiz tərəfindən başlanan bu inkişaf strategiyasının Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrimizin gündən-günə möhkəmlənməsinə xidmət edir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksəlməsini təmin edib.
Xidmət rəisi xüsusi vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında davam etdirilən ordu quruculuğu beynəlxalq aləmdə daha qətiyyətlə addımlamaq və iradəmizi daha ciddi şəkildə nümayiş etdirmək üçün əsas verir. Bütün bunlar məhz Azərbaycan Prezidentinin ordu quruculuğuna göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Daha sonra tədbir “Vətənə, xalqa həsr edilən ömür” filminin nümayişi ilə davam etdirilib.
