Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin 2 nömrəli poliklinikasının və Nəqliyyatda Baş Polis İdarəsinin yeni binalarının açılışı olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov əvvəlcə 2 nömrəli poliklinikanın binasının açılışını bildirən lenti kəsib.
Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni tikilinin əsas parametrləri barədə məlumat verib. Qeyd olunub ki, ümumi sahəsi 2044 kvadratmetr olan üçmərtəbəli inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Burada 50 müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, rentgen, fizioterapiya, laboratoriya, təsərrüfat və digər xidmət sahələri fəaliyyət göstərəcək. Poliklinika hər cür tibbi avadanlıqlarla, mebel və inventarlarla təmin olunub.
Nazir yeni binadakı xidmət otaqları, müasir tibb avadanlıqları və digər yardımçı sahələrlə yaxından tanış olub. Həmçinin ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən fotostendlərə baxıb.
Poliklinikanın tibb personalı ilə görüşən general-polkovnik Ramil Usubov görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıqlarını verib.
Sonra Nəqliyyatda Baş Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Qeyd edilib ki, inşasına 2013-cü ilin martında başlanmış beşmərtəbəli binanın ümumi sahəsi 4387 kvadratmetrdir. Burada 109 xidməti və təsərrüfat otağı, akt zalı, xüsusi vasitələrin saxlanması üçün otaq var. Ən müasir standartlara cavab verən yeni bina bütün zəruri kommunikasiyalarla, o cümlədən mərkəzləşdirilmiş su, istilik, kondisioner və havalandırma, elektrik, rabitə sistemləri ilə təchiz edilib. Ərazidə yeməkxana binası da tikilib, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri görülüb, qazanxana, transformator məntəqəsi, su anbarları və digər mühəndis qurğuları istifadəyə verilib.
Daxili işlər naziri növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb, Ümummilli Liderin və ölkə Prezidentinin möhtəşəm fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən guşə ilə tanış olub, görülən işlərdən razılığını bildirib.
Daha sonra akt zalında Baş İdarənin şəxsi heyəti ilə görüşən R.Usubov qeyd edib ki, Prezident İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğı nəticəsində hər il onlarca yeni obyekt tikilib istismara verilir, lazımi texniki vasitələr və avadanlıqlar alınır. Dövlətimizin başçısı daxili işlər orqanlarında elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin tətbiqinə, zəruri avadanlıq və texnika ilə təchizata böyük diqqət yetirir. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.
Nazir əmin olduğunu bildirib ki, şəxsi heyət yüksək diqqət və qayğıya əməli işlə cavab verəcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasında və cinayətkarlıqla mübarizədə bundan sonra da qətiyyətli sözünü deyəcək.
