Görün, bizi kimlər müzakirə edir... - OXU

Görün, bizi kimlər müzakirə edir... - OXU
09:42 16 Yanvar 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı "Milli Demokratiya Fondu və ya "Milli Demokratiyaya Dəstək Fondu" (National Endowment for Democracy, NED) Azərbaycanla bağlı dinləmələr keçirib.
 
Vaşinqtondakı erməni lobbisinin xeyli sevinməsinə, habelə Azərbaycandakı "Kapitan Qrantın övladları"nın vəcdə gəlməsinə səbəb olan bu dinləmələrdə Birləşmiş Ştatların siyasətçiləri, onları dəstəkləyən qruplar və həmin qrupların arxasında duran təşkilatlar ölkəmizin daxili işlərinə birbaşa müdaxiləni az qala qanuniləşdirməyə çalışdılar.
 
Dinləmələrdə Azərbaycanda demokratiya və insan haqları, habelə söz və mətbuat azadlığı ilə bağlı vəziyyət müzakirə olunub. Həmişəki kimi, belə müzakirələrin əsas mövzusu sayılan siyasi məhbuslarla bağlı çıxışlar və açıqlamalar da olub.
 
Dinləmələrdə danışanların, daha doğrusu, Azərbaycanı az qala Şimali Koreya və Eritreya ilə müqayisə edənlərin dediklərindən belə çıxırdı ki, bu fani dünyada qanunların pozulduğu, insanların az qala quldur təki yaşadığı iki ölkə varsa - onlardan biri Somalidir, o biri Azərbaycan.
Daha sonra deyildi ki, həşəmətli Vaşinqtonun diqqətlə izlədiyi proseslərdən biri də Azərbaycanda "qeyri-hökumət təşkilatlarına, sözünü azad və sərbəst demək istəyən insanlara qarşı təqiblər"dir.
 
Dinləmələrdə çox çıxışlar olsa da, fiqurlar eyni idi.
İronik bir durumdu.
Azərbaycanın bölgədə ABŞ-ın strateji müttəfiqi, NATO proqramlarının ən aktiv iştirakçılarından biri olmaqla yanaşı, dini radikalizm, terrorçuluq və ekstremizmlə mübarizə aparan, Qərblə inteqrasiyaya can atan ölkə olduğunu sanki unudan natiqlər Bakını ən ağır cinayətlərdə suçlamağa belə, hazırdılar.
Natiqlərin emosional çıxışları, həyəcanlı jestikulyasiyasına baxan düşünərdi ki, bu insanlar Azərbaycanı fasiləsiz düşünən, millətimiz və dövlətimiz üçün canı yanan, ulusun inkişafını arzulayan kəslərdir.
 
Halbuki gerçək qələmə verilən mənzərədən tam fərqlidir.
Bakının ünvanına yalanlar söyləyərək Azərbaycanı açıq hədələyən bu insanların hər birinin fərdi maraqları olmaqla yanaşı, onlar aşkar təmsil etdikləri və ya mənsub olduqlarını gizlətməyə çalışdıqları qurumların korporativ mənafelərini təmin etməyə çalışırlar.
 
Azərbaycandakı "söz azadlığı" bəhs etdiyimiz insanlar üçün ölkənin hakimiyyətinə yox, insanlarına, durumuna və perspektivlərinə qarşı yönəlmiş istəklər məcmusunu həyata keçirmək istəyən marionetkaların rahat fəaliyyətinin qarşısının alınmasıdır.
Dinləmələrdəki çıxışların ümumi leytmotivi illərdən bəri dəyişməyən məzmunda idi: Azərbaycanda ABŞ-ın maraqlarının tam təmin etməyə can atan və bunun üçün ölkənin mənafelərini heçə sayan insanların dedikləri sözlər böhtan, yalan olsa belə, azad sayılır.
Çünki onlar Birləşmiş Ştatlara pullu və ya pulsuz, ideyaya görə xidmət edənlərdir.
 
ABŞ isə xidmətçilərini belə, həmin adamların yaşadıqları ölkələrin insanlarından üstün sayır.
Liberiyada amerikalı dəniz piyadasının həyatı 2 min afrikalıdan, Əfqanıstanda iki kənddən, Somalidə bir qəsəbədən üstün tutulduğu kimi.
NED-in proqram direktoru Miriam Lanskayanın çıxışı isə sanki mini-tamaşa idi. Çox peşəkarcasına hazırlanan, hər reprizin və replikanın hesablanaraq söyləndiyi bu monoloqdan bəlli oldu ki, əgər Azərbaycan inkişaf etmək istəyirsə, Birləşmiş Ştatların bütün göstərişlərini qeyd-şərtsiz yerinə yetirməli, okeanın o tayından alınan təlimatları diqqətlə dinləməli, Dövlət Deprartamentinin hansısa şöbə müdirinin 3-cü müavininin 7-ci müşavirinin 13-cü köməkçisinin Bakıya səfərində bütün dövlət ərkanı mil durmalıdır.
 
ABŞ dövlət katibinin insan haqları və demokratiya məsələləri üzrə köməkçisinin müavini (çox böyük vəzifədir) Tomas Melia isə diplomata əsla yaraşmayan, daha çox Nyu-Yorkun Bronks səmtindəki küçə bandalarının mənsublarının leksikonundakı hədələrə bənzəyən açıqlama verdi: "Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün rəsmi Bakı müstəqil fikirlərə və açıqlamalara dözümlü olmalıdır".
 
Yəni Bakıdakı hakimiyyət dövlətin maraqlarını heçə sayan, amma Vaşinqtondan alınan göstərişləri tam yerinə yetirən fiqurlara toxunmamalıdır.
Nədən ki, onlar "müstəqil fikir"li insanlardır və Azərbaycan da öz ərazisində özünə qarşı çıxanlara "dözümlü" olmalıdır.
 
Tomas Melia bir müddət əvvəl Azərbaycanı "məhkəməyə vermək"lə hədələyən amerikalı Rebekka Vinsentin mövqeyini təkrarlayır, amma unudur ki, Dövlət Departamenti gəvəzə Vinsenti Londona yollayandan sonra həmin xanım Bakıdakı vəziyyəti bilmərrə unutdu, "müstəqil fikirli insanlar"ı dəstəkləməkdən usandığını üstüörtülü dedi, sonra da bildirdi ki, ah, əfsuslar olsun, dəstəklənən insanlar "ümidləri doğrultmurlar".
Yəni təlimatlar vaxtında yerinə yetirilmir.
 
Bir zamanlar "Freedom House"a başçılıq etmiş Devid Kramer də ritorikasına sadiq qalmaqla yanaşı, absurdun fərdi sərhədlərini keçərək "Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını" təklif edib.
Təbii ki, dinləmələrdə belə çıxışlara "ləbbeyk" deyən yerli "azad fikirli"lər də olub.
 
Dinləmələrin NED tərəfindən təşkil olunduğunu nəzərə alsaq, maraqlı situasiya müşahidə olunur. 1983-cü ildə ABŞ Konqresinin yaratdığı bu fond kağız üzərində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) büdcəsi çərçivəsində maliyyələşdirildiyini vurğulsa da, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) tam nəzarətindədir.
 
"ABŞ üçün faydalı və yaxşı olan nə varsa, bütün dünya üçün yaxşıdır" prinsipi ilə işləyən NED müxtəlif illərdə fərqli ölkələrin daxili işlərinə çox kobud şəkildə müdaxilə etdiyi, casus şəbəkəsi formalaşdırdığı, qeyri-hökumət təşkilatlarına qrant dəstəyi adı ilə Birləşmiş Ştatların "maraq böcəkləri"nin fəaliyyətini maliyyələşdirdiyi üçün sürəkli şəkildə qalmaqallara səbəb olub.
 
Məhz bu səbəbdən hazırda onlarla ölkədə NED-dən qrant və ya hər hansı formada maliyyə vəsaiti almaq cinayət sayılır.
Karl Qerşmanın rəhbərlik etdiyi NED-in idarə heyətinin üzvləri arasında yer almış Vin Ueber ("Clark & Weinstock" bankının vitse-prezidenti), Uesli Klark (NATO qoşunlarının sabiq komandanı), Ralf Qerson ("Guardian International Corp." şirkətinin prezidenti), Frenk Karluççi (sabiq müdafiə naziri, "Carlyle Group" investisiya şirkətinin prezidenti) və ya sabiq senator Li Hamiltonun Azərbaycanın inkişaf yollarını təhlil edərək Bakının tərəqqisinə can atan adamlar olduqlarını düşünmək sadəlövhlük olardı.
 
İdarə olunmasında Birləlşmiş Ştatların xüsusi xidmət orqanları ilə bilavasitə bağlı olan Con Neqroponte, Henri Çisneros və ya Elliot Abrams təki şəxslərin aktiv iştirak etdikləri NED bir sıra ölkələrdə çevrilişlər, qiyamlar, üsyanlar, iğtişaşların hazırlanması, maliyyələşdirilməsi, bəzənsə idarə olunması ilə məşğul olub.
Məsələn, NED müxtəlif illərdə Polşada "Solidarnost"u, sabiq Çexoslovakiyada "Xartiya 77"i, Serbiyada "Otpor"u və s. faktiki idarə edib.
 
Azərbaycanda NED "aşiq"lərinin, bu təşkilatın "yalnız və yalnız insan haqlarının müdafiəsi, demokratik dəyərlərin qorunması və yayılması" ilə məşğul olduğunu iddia edən, qurumun ünvanına azacıq tənqid səslənəndə isə isteriya keçirərək qarşı tərəfi təhqir edənlərin görmək istəmədikləri, bəlkə də bilmədikləri bir məqamı nəzərə çatdırıram.
 
Amerikalı müstəqil ekspert və analitiklərin "Mərkəzi Kəşfiyyat İdarəsinin "Troya atı", aləti" adlandırdıqları NED barəsində danışarkən kuluar söhbətlərindən birində qurumun rəhbəri Karl Gerşman demişdi: "Müxtəlif ölkələrdə demokratiyanı müdafiə etdiyimizi deyiriksə, Mərkəzi Kəşfiyyat İdarəsindən birbaşa maliyyə almağımız yaxşı olmazdı. Bu səbəbdən də fond yaradıldı".
 
NED-in banilərindən biri Allen Vaynşten isə hələ 1991-ci ildə söyləmişdi: "NED-in hazırda fəaliyyət sahəsinə daxil olan məsələlərin əksəriyyəti ilə Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olurdu".
 
Ərəb ölkələrində inqilablar və üsyanlar başlayanda ABŞ prosesi "ərəb baharı, ərəb ölkələrindəki geniş xalq kütlələrinin demokratiya uğrunda müstəqil, kortəbii mübarizəsi" kimi qələmə verirdi.
 
Amma 2011-ci ildə Wikileaks-in açıqladığı sənədlər arasında MKİ, NED və Dövlət Departamentinin mənsubları arasında yazışmalar da vardı. Həmin yazışmalar aşkar göstərirdi ki, "ərəb baharı"nın romantik haləsi, inqilabların guya xalq kütlələrinin etiraz dalğalarından qaynaqlanan proses olması barədə amerikalı siyasətçilərlə Ağ Evin açıqlamaları ağ yalandır.
 
Belə ki, NED 2011-ci ildə Yaxın Şərq və Şimali Afrika ölkələrindəki inqilabların ssenari müəlliflərindən biri, ərəb ölkələrindəki hakimiyyətləri devirən təşkilatları və qrupları idarə edərək maliyyələşdirən strukturlardan biri idi.
 
Düşünmək istəməzdim ki, NED həmin ssenariləri Bakıda da tətbiq etmək istəyir.
Axı ikiüzlülüyün, yalanın da bir həddi olmalıdır.
Bəlkə, yox?
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR