Moskva, 11 may, AZƏRTAC
Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar Yekaterinburqda Şirokoreçye xatirə kompleksində keçirilmiş mərasimdə Azərbaycan diasporunun təmsilçilərindən ibarət böyük nümayəndə heyəti iştirak edib.
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, vilayət hökumətinin vә qanunvericilik orqanın rəhbərlərinin, Yekaterinburqda akkreditə olunmuş diplomatik korpusun nümayәndәlәrinin iştirak etdikləri tədbirdə veteranlar vә ictimai təşkilatların, müxtəlif konfessiyaların nümayәndәlәri xatirə kompleksinin qarşısına çiçəklər düzüblər. Azәrbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov vә Ümumrusiya Azәrbaycan Konqresinin Sverdlovsk vilayәtindәki Azәrbaycan İctimai Tәşkilatının sәdri Şahin Şıxlinski dә xatirə kompleksinin qarşısına әklil qoyublar.
Baş konsul Sultan Qasımov mərasimdəki çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Qələbə günü bayram günləri siyahısından çıxarılmışdı. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 9 May – Qələbə günü rəsmi bayram kimi təsdiq olundu. S.Qasımov deyib: “Azәrbaycanda Qәlәbә günü tәntәnәli şәkildә qeyd olunur. Azәrbaycan xalqı faşizm üzәrindә tarixi Qәlәbәyә böyük töhfә verib. Qәlәbәnin әldә olunmasında böyük xidmәtlәri olan xalqımız 700 mindәn çox oğul vә qızını cәbhәyә göndәrib. Onların, demәk olar, yarısı döyüşlәrdә hәlak olub, 42 azərbaycanlı müharibәdә göstәrdiyi igidliyә görә Sovet İttifaqı Qәhrәmanı adına layiq görülüb, 170 mindәn çox әsgәr vә zabit müxtәlif orden vә medallarla tәltif edilib”.
Mərasimdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan nümayəndə heyətini şəxsən təbrik edərək, Qələbə günü münasibətilə təbriklərini respublika rəhbərliyinə çatdırmağı xahiş edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan diasporunun təmsilçiləri Yekaterinburqda keçirilən təntәnәli mərasimdə iştirak ediblər
Azərbaycan diasporunun təmsilçiləri Yekaterinburqda keçirilən təntәnәli mərasimdə iştirak ediblər