Bu yaxınlarda baş verən hadisə Mikayılın “Sevimli şou”suna baxmaqdan başı açılmayan xalqımızı dəhşətli dərəcədə qəzəbləndirib. Zəhmətkeş xalq kütləsi vaxt eləyib müqtədir sənətkarımız, böyük filosof Elgiz müəllimin toy mərasimini yaxından izləyə, toya kimin neçə yazılmağını müəyyən edə bilməyib. İş o yerə çatıb ki, Xoşqədəm xanımın arxeoloji qazıntılar nəticəsində tapıb üzə çıxardığı teleqəhrəmanlar da son günlər heç kimin vecinə olmayıb. Vəziyyət çox qəlizdir. Kim bilir, neçə il vaxt lazım olacaq ki, Azərbaycan camaatı bu çatışmazlıqları aradan qaldırsın. Axı NASA-nın kosmik axtarışlarının qabağına Xoşqədəm xanımın insan axtarışı ilə çıxırdıq. Od vururduq bizi istəməyənlərin ürəyinə!
Bəs yaxşı, millətimizi qəzəbləndirən, onu cin atına mindirən və bir daha düşürməyən nə olub? Onu Mikayılından, Elgizindən, Xoşqədəmindən nə ayrı salıb? Vallah, adam deməyə də utanır. Deməli, bir gavur oğlu Bakımızın ismət rəmzi olan Qız qalasının kəlləsinə çıxıb orada lüt-ətcəbala şəkil çəkdirib, bizə arxasını göstərib.

“Vaveyla, şəriət əldən getdi!”
Pahooo, “Feysbuk”, “Tvitter”, “İnstaqram”, Elxan dayının mağazası, Südabə xalanın qəzet kiosku, İbrahim dayının çayxanası bir-birinə dəyib! İgid-igid azəri oğulları neçə gün dönər bıçağı axtarıblar ki, özləri demiş, “gədəni yortsunlar”. Bıçaq tapılanda isə “gədə” Bakıda olmayıb.
Kafir oğlu kafir! Yenə başını aldatdı bu müsəlmanların. Eyb etməz, qurban olduqlarıma tapşırıram o mürtədi, onlar verəcəklər cəzasını!
Həmişə belə olub bu kafirlər. Bunların məmləkətlərində ərə gedəsi qızlar yad kişilərin qabağında ulaya-ulaya oxuyub adını opera qoyur, dizindən yuxarı don geyinib adını balet qoyur. Televizorda yad kişiylə öpüşüb adını kino qoyur. Qırılmışların hər binamusluğa bir bəhanəsi var: opera, balet, kino, teatr, televizor, Universitet, Respublika, Demokratiya, Bastiliya... Lənət şeytana, şeytan əməlidir hamısı!
Ay başınıza dönüm, bunların bir yiyəsi yoxdumu, çəkə ayağına bağlaya?! Məsələn, bizdə bir narazılıq olanda, kimsə kimdənsə incik düşəndə, kiminsə oğlu yolunu azanda el ağsaqqalları - Manaf Ağayev, Baloğlan Əşrəfov, Nadir Əjdaha Qafarzadə gəlir, bütün inciklikləri, narazılıqları aradan götürür, yolu azmışları yoluna qaytarır...
Bəli, bizdə ağsaqqallar var, ona görə də xaricdə oxuyan Azərbaycan oğullarının birinin Big Benin, Eyfelin, Kremlin kəlləsində lüt-ətcəbala şəklini görməzsiniz. Dəlidirlərmi, yiyəsizdirlərmi? Yox. Onlar gül kimi vərdişləri qoyub niyə bu kimi günahkar əməllərə baş vursunlar ki? Bəs bələdiyyənin velosipedlərini kim oğurlayacaq, evində kirayə qaldığı xaricinin başına kim oyun açacaq, yaşadığı şəhərin sakinlərinə ayrı-ayırılıqda, səliqəylə kim pul atacaq? Və nəhayət, bütün bunları bir əsgərlik xatirəsi kimi gəlib həmvətənlərimizə danışacaq?
Bizim oğullar xaricdə özlərini belə aparırlar. Ancaq oradan buraya gələn kafir oğlu kafirin tutduğu əmələ bax: Qız qalasının kəlləsinə çıxıb lüt-ətcəbala soyunmaq. Üzünün suyu tökülsün. Budurmu sənin hörmətin, budurmu sənin ismətin, budurmu sənin dəyanətin! Gör bizə harasını göstərir? Abırsız oğlu abırsız!
Qız qalasının kəlləsində soyunmağa nə var, oğul ona deyərəm, 11-ci sinifdə oxuyan günahsız bir qızı öldürsün. Bacararsan bunu? Hə, de də, de! Niyə dinmirsən?
Gör bizə harasını göstərir. Abırsız oğlu abırsız...
Sevinc
Milli.Az