Bakı, 12 may, Gülnar Bəşirova, AZƏRTAC
“Bakı-2015” birinciI Avropa Oyunları ilə bağlı nəqliyyat xidmətlərinin hazırlığı artıq yekunlaşmaq üzrədir. AZƏRTAC xəbər verir ki, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində deyib.
Musa Pənahov bildirib ki, bir neçə gün öncə I Avropa Oyunları ilə bağlı sınaq tədbirləri həyata keçirilib: “Həmin sınaq tədbirləri zamanı nəqliyyat vasitələri yüksək səviyyədə xidmət göstərdi. Hesab edirəm ki, artıq I Avropa Oyunlarına tam hazırıq. Bəzi işlər var ki, onlar da yekunlaşdırılır. Olimpiya məkanlarına gedən yollarda lazımi işlər artıq tamamlanıb”.
Musa Pənahov onu da əlavə edib ki, Bakı şəhərinin mərkəzində avtobusların sayının çox olması yollarda müəyyən tıxaclar yaradır. Ona görə də şəhərin mərkəzinə gələn və bir-birini təkrarlayan marşrutların hərəkət istiqaməti metro stansiyalarına kimi olacaq. Oradan isə sərnişinlərə digər avtobuslardan, metrodan və şəhərin mərkəzinə gedən xüsusi marşrutlardan istifadə etmək tövsiyə edilir.