Bakı, 12 may, AZƏRTAC
Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Hazırda Azərbaycanda 3 minə yaxın türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.
Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhət Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rıfat Hisarçıklıoğlu ilə görüşündə məlumat verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mayın 12-də keçirilən görüşdə Şahin Mustafayev sahibkarlığın inkişafı məsələlərinin müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə qlobal siyasəti müəyyən edənlər arasında əlaqələrin yaradılması üçün G20-yə təkliflər verən B20 platformasının əhəmiyyətini, tədbirin Bakıda keçirilməsinin önəmini vurğulayıb.
Qeyd olunub ki, sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlığın və mehriban dostluq münasibətlərinin daha bir göstəricisidir. Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu əlaqələrin dünyada nümunə olduğunu vurğulayan Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nazir deyib ki, ölkələrimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Türk şirkətləri, həmçinin Azərbaycanda həyata keçirilən layihələrdə podratçı qismində iştirak edirlər. Azərbaycan Türkiyəyə, Türkiyə isə ölkəmizə investisiya qoyuluşu həyata keçirir. İqtisadiyyatın inkişafında və ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsində özəl sektorun rolunu qeyd edən Ş.Mustafayev TOBB-un iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun başlıca problemi olduğunu, Türkiyənin bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.
TOBB prezidenti Rıfat Hisarçıklıoğlu Azərbaycana səfərinin, ölkəmizin sürətli inkişafının onda dərin təəssürat yaratdığını ifadə edib. Bildirilib ki, ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin inkişafı üçün geniş imkanlar var və bu sahədə özəl sektor mühüm rol oynayır. Bu baxımdan iş adamları birlikləri, ticarət palataları arasında əlaqələrin genişləndirilməsi, sahibkarların iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. R.Hisarçıklıoğlu Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığına, o cümlədən iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair fikirlərini bölüşüb.