Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Azərbaycanın energetika naziri Natiq Əliyev iştirakı ilə “Caspian European Club” tərəfindən təşkil olunan biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev klubun “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını deyib. Bildirilib ki, “Caspian European Club” yaradıldığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5000-dən çox şirkəti və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.
Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz və enerji kompleksi barədə məlumat verən energetika naziri Natiq Əliyev “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən, Azərbaycan qazını Avropa ölkələrinə çatdıracaq TANAP və TAP layihələrindən söhbət açıb. Nazir həmçinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi layihələri, Səngəçal terminalında həyata keçirilən işlər barədə də məlumat verib. Bildirilib ki, artıq bütün layihələr üzrə işlərin 30-32 faizi görülüb. N.Əliyev qeyd edib ki, 2014-cü ildə Azərbaycanda 24 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.
Biznes-forumda energetika naziri Natiq Əliyevə “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatların və şirkətlərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri iştirak ediblər.