İqtisadiyyat və Sənaye Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

13:38 16 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən nazir müavini Sahil Babayev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb. Qeyd olunub ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə, xalqı daha da birləşdirdi, mübarizliyini artırdı. Sahil Babayev ulu öndər Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəldiyini, həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə ittiham etdiyini, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyini bildirib. Xüsusi vurğulanıb ki, məhz Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Təbirdə bildirilib ki, Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir. Şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə ölkəmizdə mühüm qərarlar qəbul edilir, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verdi, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğuladılar. Xalqımızın yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç bir zaman unudulmayacaq, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Azərbaycansevərlərin qəlbində daim yaşayacaqdır.
20 Yanvar hadisələri zamanı əlil olmuş Sona Atayeva müdhiş gecədə baş verən hadisələrlə bağlı təəssüratlarını bölüşdü, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin ailə üzvlərinə və sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkürünü bildirdi.
Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş olundu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_ve_Senaye_Nazirliyinde_20_Yanvar_sehidlerinin_xatiresi_yad_edilib-825248

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR