Bakı, 13 may, AZƏRTAC
“Caspian European Club” mayın 13-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə biznes forum keçirib.
AZƏRTAC xəbər verir ki, biznes-forumda “Caspian European Club”un yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, klub neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım göstərir.
SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov isə transmilli şirkətə çevrilən Dövlət Neft Şirkətinin həyata keçirdiyi qlobal və regional əhəmiyyətli enerji layihələrindən, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm roldan danışıb.
Biznes forum çərçivəsində David Məmmədova “Caspian European Club” şirkətinin fəxri üzvü sertifikatı təqdim olunub.