"Report"un məlumatına görə, VII turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Oyunlardan biri Bakıda, digəri isə Sumqayıtda olacaq.
Turun açılış matçında "Sumqayıt" "Keşlə"ni qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 6-cı, paytaxt klubu isə 10 xalla 2-3-cü yerləri bölüşdürür.
"Keşlə" ilə "Sumqayıt" Premyer Liqada indiyədək 28 dəfə üz-üzə gəliblər. Bunların 14-də qonaqlar, 7-də isə meydan sahibləri qələbə qazanıb. Topların fərqində də qonaqlar üstündür - 44:28. Paytaxt klubu 17 oyundur rəqibinə qarşı meydanı qolsuz tərk etmir. Komandalar arasındakı son 7 dueldə 3 və ya daha çox qol vurulub.
Günün digər qarşılaşmasında "Neftçi" "Səbail"lə qarşılaşacaq. Flaqman 8 xalla 4-cü pillədə qərarlaşıb. "Səbail" isə 10 xalla 2-3-cü yerləri bölüşdürür. Komandalar arasındakı keçirilən 8 oyunun 5-də "Neftçi", 2-də isə "Səbail" meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 18:6.
Qeyd edək ki, I dövrəyə sabah keçiriləcək "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Sabah" matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, VII tur
5 oktyabr (şənbə)
17:00. “Sumqayıt” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”
19:15. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”