Suriyada əməliyyatlara yaşıl işıq - Türkiyə yeni sınaq qarşısında

Suriyada əməliyyatlara yaşıl işıq - Türkiyə yeni sınaq qarşısında
14:37 7 Oktyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə böyük sınaqla üz-üzədir. Ya ərazi bütövlüyü və təhlükəsizliyinin təhdidinə dözməli, ya da onu narahat edən bu iki problemi yaradanın mənbəyini təmizləməlidir.
Osmanlı imperiyası üçün bu problem 115 il əvvəl Avropada yaradıldı. Bu böyük dövlətin yerində indiki ərazi ilə Türkiyə Respublikası quruldu. Dünya gücləri bunu tanıdı.
Son 35 ildə bu təhlükə şərqdən İraq və Suriyadan gəlir. Keçmiş SSRİ-nin bir zamanlar bu ölkələrdə yaratdığı terrorçu PKK qruplaşması Türkiyəyə qarşı hücumlara başladı. Sovetlər ittifaqı dağıldıqdan sonra bu terrorçu qruplaşmanı Rusiya, onun qollarını isə ABŞ müdafiə edir. Düzdür, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu təşkilatları siyahısına salıb. Bunun da səbəbi onu özlərinin yaratmamasıdır. Onlar Suriya və İraqda öz yaratdıqlarını müdafiə edirlər.
Sentyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardıqları danışıqlar iki həftə ərzində nəticə verməsə, öz hərəkət planları işə düşəcək.
O, bu bəyanatı Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə İstanbulda keçirdikləri üçtərəfli görüşdən sonra verib. Belə çıxır ki, rəsmi Ankara təhlükəsizlik bölgənin yaradılması ilə bağlı Tehran və Moskvanın razılığını alıb.
Türkiyə prezidenti: “Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq”.


Oktyabrın 6-da Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Fərat çayının şərqinin terrorçulardan təmizlənməsi əməliyyatına da yaşıl işıq yandırıldı. Ancaq Türkiyə üçün başağrısı ola biləcək məqamlar da saxlanılıb.
Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Suriya ərazisində artıq iki əməliyyatı uğurla həyata keçirə biliblər.
Birinci “Fərat qalxan” adlanın antitteror əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb. Onda Türkiyənin xüsusi təyinatlı qüvvələri ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviasiyasının yardımı ilə Suriyanın Cerablus şəhərinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi üzrə hərbi əməliyyatları reallaşdırıb. Bu plan uğurla həyata keçmiş sayılır.
“Zeytun budağı” adlı ikinic əməliyyat isə 2018-ci il yanvarın 20-də başlayıb. Bu antiterror əməliyyat nəticəsində Afrin bölgəsi terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizlənib. Fərat çayının şərqinin terrorçulardan təmizlənməsi əməliyyatı nəticəsində Suriya –Türkiyə sərhədi boyu 30 km-lik təhlükəsiz bölgənin qurulması nəzərdə tutulub.
ABŞ və onun Avropadan olan müttəfiqləri bu ideyanı birbaşa və dolayı yolla dəstəkləsələr də əməliyyatlarda iştirak etməyəcəklərini gizlətməyiblər.


Rəsmi məlumatlara əsasən, ABŞ hərbçiləri Suriya-Türkiyə sərhədi boyu ərazidən, Suriyanın şimalından Fərat çayının şərqindən çıxıb.
Ağ evin məsələ ilə bağlı yaydığı yazılı açıqlamada bildirilib: “Türkiyə uzun zamandır planlaşdırdığı əməliyyat ilə Suriyanın şimalına doğru irəliləyəcək. ABŞ bu əməliyyata qatılmayacaq”. Açıqlamaya əsasən, ABŞ-ın hərbi birlikləri əməliyyat zonasında olmayacaq: “Suriya torpaqlarında terrorçu İŞİD qruplaşmasını məğlub edən ABŞ hərbiçiləri artıq, doğrudan da, bu bölgələrdə olmayacaq”.
Sənəddə bildirilib ki, ABŞ Suriyada tutduğu İŞİD üzvlərini vətəndaşı olduqları Fransa, Almaniya və Avropa İttifaqının başqa üzvlərinə geri qaytarmaq istəsə də, həmin ölkələr onlardan imtina ediblər: “ABŞ isə həmin adamları uzun illər boyu saxlamaq niyyətində deyil. Bundan sonra ABŞ son iki ildə bölgədə tutduğu İŞİD silahlılarının saxlanılmasının məsuliyyətini daşıyacaq”.
Deməli, Türkiyə Suriyada terrorçu PKK/YPG-PYD və onların qurduğu “Suriya Demokratik Qüvvələri” ilə yanaşı İŞİD-ə, bəzi hallarda isə bu ölkədəki rejimin başçısı Bəşşar Əsəd silahlılarına qarşı da mübarizə aparacaq.
ABŞ-ın bölgədən çıxması ilə bağlı bəyanatı Türkiyənin Fəratın şərqində işlərinin asan olacağı demək deyil. İŞİD 2014-cü ilin iyulun 24-dən Suriyada varlığını elan edib. YPG da 2011-ci ildən mövcuddur. PKK-nın isə 1978-ci ildə fəaliyyətə başladığı bildirilir.
Bir sıra suallar yaranır? ABŞ-ın PKK/YPG-PYD-yə verdiyi silah, hərbi terxnikanın aqibəti necə olacaq? ABŞ və Türkiyənin NATO-dakı başqa müttəfiqləri bu əməliyyatı dəstəkləyəcəkmi? Rusiya və İran Bəşşar Əsəddən Türkiyəyə qarşı istifadə edəcəkmi? Türkiyənin azı 3 cəbhədə PKK, İŞİD və Bəşşar Əsədə qarşı mübarizə aparmağa gücü yetəcəkmi? Həbsdə olan İŞİD-çi nə oyunudur? Terrorçu PKK və İŞİD birliyi mümkündürmü? və s. kimi suallar yaranır.


Sentyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ticarət naziri Uilbur Rossun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib: "ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib. Bu yük avtomobillərindəki silah-sursat kimə qarşı istifadə edilir? Türkiyəyə qarşı. Strateji olaraq bunu qəbul etməyimiz isə mümkün deyil”.
Hələ 2017-ci ilin mayında ABŞ terrorçu PKK/YPG-PYD-yə ötürdüyü və ötürəcəyi silah-sursatla bağlı Türkiyəyə təminat verib, bildirib ki, YPG-yə veriləcək silahların hamısı sayılacaq və qeydə alınacaq; silahların sayı, vacibliyi əməliyyata uyğun olacaq və yetərli sayda silah veriləcək; onlardan istifadəyə ABŞ hərbiçiləri nəzarət edəcək; verilən silahların başqa bir yerdə istifadə edildiyi ortaya çıxarsa, o zaman bütün silah ötürülməsi dayandırılacaq; Rakka (İŞİD-in özünə paytaxt elan etdiyi Suriya şəhəri - “Report”) əməliyyatı bitər-bitməz YPG-nin əlindəki bütün ağır silahlar alınacaq; Rakka azad edildikdən sonra bu şəhərdə YPG üzvləri qalmayacaq. Şəhərin idarə edilməsi və təhlükəsizliyi suriyalı ərəblərə həvalə ediləcək.
Ancaq indiyədək bu şərtlərə əməl edilməsinə dair heç bir rəsmi açıqlama yayılmayıb. Bu isə ABŞ silahlarının PKK/YPG-PYD və DSQ-nin əlində olması deməkdir.
Onda sözügedən terrorçuların Türkiyə hərbiçilərinə qarşı həmin silahlarla müqavimət göstərəcəyini ehtimal etmək olar.
Türkiyə Suriyada təhlükəsizlik bölgəsi yaradıb, suriyalı qaçqınların həmin ərazidə yerləşdirilməsi ilə əslində Avropa İttifaqının, habelə NATO üzvlərinin təhlükəsizliyinin təmin edə bilər. Bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğan Türkiyədəki qaçqın məsələsinə də toxunarkən demişdi: “Hazırda ölkəmizdə 3,6 milyon suriyalı qaçqın daxil olmaqla dünyanın müxtəlif bölgələrindən olan 5 milyona yaxın əcnəbiyə ev sahibliyi edirik. Bununla da NATO-dakı müttəfiqlərimiz başda olmaqla bütün Avropanın təhlükəsizliyini təmin edirik. Ölkəmizin yeni bir köç dalğasını qəbul etməsi artıq mümkün deyil”.
Suriyadakı PKK-nın Türkiyəyə qarşı müqavimət göstərməyəcəyi ilə bağlı onları himayə edən dövlətlər təminat verməyib. Bundan başqa onların İŞİD adlandırılanlarla yenidən Türkiyəyə qarşı birləşməyəcəyinə də təminat yoxdur.
Ötən illərin təcrübəsi deməyə əsas verir ki, terrorçu qruplaşması arasında əməkdaşlıq baş tuta bilər. Ötən il YPG-PYD terrorçularının Suriya həbsxanalarından 400 İŞİD üzvünü azad etdiyinə dair xəbər yayılmışdı.
BMT Təhlükəsizlik Şurasının toplantısında məlumat Rusiyanın qurumdakı daimi nümayəndəsi Vasiliy Nebenzya məlumat vermişdi. O bildirmişdi ki, İŞİD terrorçularından 120-si, əsasən, PYD-PKK silahlılarından ibarət olan Suriya Demokratik Qüvvələrinin sıralarına qoşulub.


Bu baxımdan onların artıq birləşərək Türkiyəyə qarşı vahid cəbhə yaradacaqları ehtimalı var.
Beləliklə, müttəfiqləri Türkiyənin Suriyada yeni hərbi əməliyyatlara başlamasına yaşıl işıq yandırsalar da, arxadan ona zərbə vurmayacaqlarına təminatın verilməsinə dair məlumat yoxdur.
Türkiyə birmənalı şəkildə Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyini, orada dövlətçiliyə zərbə vura biləcək təsisatların yaranmasına qarşıdır. ABŞ və Qərb dövlətləri uzun illər bölgədə PKK və ya onun bənzərlərini boşuna yetişdirib? Bölgədən belə sakitcə çıxıb getmək, əməliyyatlarda iştirak etməmək Türkiyəni zərbə altına atmaqdır. Ehtimal etmək olar ki, bundan sonra PKK/YPG-PYD və onun tərəfdarları anti-Türkiyə təbliğatını genişləndirəcək, antiterror əməliyyatı başlayandan sonra həmin qüvvələr Türkiyəni Suriyada insan haqlarını pozmaqda ittiham edəcəklər.
Bütün hallarda Türkiyə çox böyük sınaq qarşısındadır: ya ərazi bütövlüyü və təhlükəsizlik uğurunda mübarizə, ya da qərbin və bölgədəki dövlətlərin dəstəklədiyi terror qruplaşmasının şərtlərinin qəbulu. 105 il əvvəl Birinci Dünya müharibəsində olduğu kimi Türkiyə yenə də başqa donda olan həmin qüvvələrə qarşı ölkənin şərq sərhədlərində təkbaşına mübarizə aparır. Odur ki, düşmən də maraqlar kimi əbədidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/abs-terrorcu-pkk-ypg-pyd-den-silahlari-geri-almayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR