Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Cümşüd Balabəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, hadisə bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Qalib Əsgərov rayon ərazisində dava zamanı yıxılaraq başından zədə alıb.
Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.
Məlum olub ki, Qalib Əsgərov və Cümşüd Balabəyov arasında kollecin ərazisindən kənarda mübahisə baş verib. Mübahisə zamanı onların arasında dava baş verib.
Nəticədə tələbə Qalib Əsgərov dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Cümşüd Balabəyovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.
Milli.Az