Vaxtından əvvəl dünyaya gəlmiş körpələrin sağ qalma şansı əmələ gələcək. Filadelfiyanın uşaq xəstəxanasının mütəxəssisləri bunun üçün süni bir bətn hazırlayıb. O, vaxtından əvvəl doğulmuş dölün həyat fəaliyyətini və normal inkişafını təmin edəcək. Tədqiqatlar, vaxtından əvvəl dünyaya gəlmiş quzular üzərində aparıldı.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, onlar, daimi sirkulyasiya edən amniotik məhlulla dolu konteynerlərə yerləşdirilir. Quzunun göbək hissəsi qaz mübadiləsini təmin edən qurğuyla birləşdirilir. Qurğu, qanı oksigenlə təmin edərək, ondan karbon qazını xaric edir. Dölün vəziyyəti çoxsaylı sensorlar tərəfindən nəzarətdə saxlanılır. Təcrübə üçün qeysəriyə əməliyyatı vasitəsi ilə bir neçə quzu ana bətnindən çıxarıldı. Quzuların daxili orqanları 23-24 həftəlik körpələrin daxili orqanları kimi inkişaf etmişdi. Quzular süni bətndə 28 gün qaldı. Bu müddət ərzində onların ciyərləri tam formalaşdı. Quzular konteynerdən çıxdıqdan sonra müstəqil olaraq nəfəs ala bilir. Alimlər eyni zamanda quzuların daxili orqanlarının və beyninin normal inkişaf etdiyini bildirdi. Onların necə böyüdüyünü, hətta yunlarının necə çıxdığını müşahidə etmək olur. Süni bətndən çıxdıqdan sonra onlar, tam olaraq müayinədən keçirildi. Onların inkişaf göstəriciləri ana bətnində inkişaf edərək dünyaya gəlmiş quzuların göstəriciləri ilə eyni idi. Hər il dünyada 15 milyon körpə vaxtından əvvəl doğulur. Bu qurğu əsasən, tez doğularaq həyatda qalmağa şansı az olan uşaqlar üçündür. Hal-hazırda vaxtından əvvəl doğulmuş körpələr xüsusi inkubator qablarına yerləşdirilir. Lakin bu tam olaraq körpəyə ana bətnini əvəz edə bilmir və nəticədə körpələr bəzən çətinliklərlə qarşılaşır. Süni bətn isə, körpəni ətraf təsirlərdən qorumaq potensialına malikdir. Lakin tədqiqatlar tam olaraq sona çatmayıb.
Milli.Az