Distant təhsil nədir və ölkəmizdə necə distant təhsil ala bilərik? -

Distant təhsil bütün dünyada təhsilin ən geniş yayılmış formalarından biridir. Lakin ölkəmizdə bu təhsil sistemi əvəzinə qiyabi təhsil sisteminə üstünlük verilir. Ümumiyyətlə distant təhsil nədir, hansı üstünlükləri var?

Metbuat.az distant təhsillə bağlı detalları öyrənmək üçün təhsil eksperti Telman Abdullayev ilə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:

Distant təhsil nədir?

- Hal-hazırda distant təhsil təhsilin sürətlə inkişaf edən formalarından biridir. Web serverlərin və müasir kompyuterlərin proqram təminatının mövcud olan imkanları qlobal şəbəkə vasitəsi ilə təhsil ala bilmək üçün interaktiv proqramların yaradılmasını mümkün edir. İnternet texnologiyalarına əsaslanan distant təhsil öz imkanlarını genişləndirir və ona beynəlxalq internet şəbəkəsi və televiziya, konkret öyrətmə texnologiyalarının sintezini əks etdirən perspektiv təhsil sistemi kimi baxılır. Bu yeni təhsil forması potensial öyrəncinin geniş dairəsi üçün biliyin paylanmasının intensifikasiyasına imkan yaratmaqla yanaşı, yeni bilik və texnologiyaların istehlakçıları arasında təhsilin bazar mühitini formalaşdırır.

Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Ölkəmizdə distant təhsil yoxdur, sadəcə 1 universitetdə distant təhsil üzrə proqram mövcuddur.

Qərbi Kaspi Universitetində Distant Təhsil üzrə tələbə qəbuluna 2016/2017-ci tədris ilindən başlanmışdır. Hazırda Universitet tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə qəbul aparılır. Qəbul 2 mərhələdə aparılır: I mərhələdə qəbul elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil almaq hüququnu qazanırlar. II mərhələdə isətəhsil alan Mərkəz tərəfindən təyin edilişsənədləri(notarial qaydada təsdiq olunmuş) şəxsən özü Mərkəzə təqdim edir. Sənədlərin düzgünlüyüyoxlanıldıqdan sonra Mərkəzlə təhsil alan arasında müqavilə bağlanılır, tələbə siyahısına daxil edilir, elektron portalda tələbyə şəxsi kabinet açılır və onun elektron poçtuna istifadəçi adı və şifrə göndərilir.

Dərslər hansı formada keçirilir?

-Dərslər elearning.wcu.edu.azelektron portal üzərindən həyata keçirilir. Tədris prosesində yeni təlim texnologiyaları, interaktiv təlim metodları, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi təşkil edilir. Sinxron və ansinxron dərslər təşkil olunur, professor-müəllim heyəti ilə öyrəncilərin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri həyata keçirilir. Dərs materiallarının elektron qaydada tələbələrə ötürülməsi təmin edilir.

Distant təhsilin üstünlükləri nələrdir?

- Təhsilin sürətini tənzimləmədəki sərbəstlik, əlavə təhsil alama imkanı. Həm oxuyub, həm də işləmək imkanı, işdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı. Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu, səyahətdə olarkən də təhsil almaq imkanı. Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi və istənilən yaşda təhsil alama imkanı olur.

Distant təhsil proqramında kimlər təhsil ala bilər?

- Distant təhsildə hər kəs vaxt itirmədən təhsil ala bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər.

Distant təhsili kimlər seçməlidir?

- Təhsil almaq arzunuz lakin dərslərdə iştirak etmə çətinliyiniz varsa, dərslərdə iştirak etməyinizə mane olan ailə məsuliyyətiniz varsa, yaxşı vaxt idarəetmə bacarığınız varsa, siz müstəqil işləmək qabiliyyətinə maliksinizsə, sizin işləyərkən eyni zamanda təhsil almaq istəyiniz varsa, distant təhsil proqramı sizin üçün doğru seçimdir.

Müsahibə üçün təşəkkür edirik.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)