Müasir texnologiyalardan istifadə bilik və bacarığın artırılmasına xidmət etməlidir

18:23 16 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Region gənclərinin informasiya-kommunikasiya texnologiyaları vasitələri və onların istifadəsi barədə maarifləndirilməsi” adlı layihənin icrası regionlarda uğurla davam edir.
Layihənin yekun mərhələsi ilə əlaqədar keçirilən tədbirdə qeyd edilib ki, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu layihənin əsas məqsədi region gənclərinin müasir texnologiyalardan istifadəsi sahəsində bilik, bacarıqlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsidir.
Tədbirdə çıxış edənlər müasir cəmiyyətimizdə İKT-nin inkişafının və innovasiyaların tətbiqinin
ölkə siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildiriblər. Dünyanın yeni çağırışlarının Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb etdiyi diqqətə çatdırılıb. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədləridir.
Layihəyə dəstək verən mütəxəssislərin və könüllülərin iştirak etdikləri tədbirdə qeyd edilib ki, müstəqilliyin bərpasından sonra qarşılaşdığımız ən mühüm məsələlərdən biri də regionlarda yaşayan gənclərin informasiya-kommunikasiya texnologiyaları və onların istifadəsi barədə maarifləndirilməsi ilə bağlı problemlərin həllinə onların könüllü və aktiv cəlb edilməsidir. Ölkədə davamlı və sürətli inkişafın olmasına baxmayaraq, regionlarda gənclərin bu sahədə maarifləndirilmənin təbliği və praktik tətbiqi bir qədər zəif olduğu üçün cəmiyyətdə yeni effektiv düşüncə və təfəkkürün formalaşması vacib vəzifələrdən biri kimi qarşıda durur. Ölkədə informasiya-kommunikasiya texnologiyaları və onların istifadəsi barədə maarifləndirmə tədbirlərinin sayının artırılması üçün uşaqlar, məktəblilər, tələbələr, dövlət qulluqçuları, qeyri-hökumət təşkilatları və əmək fəaliyyəti ilə məşğul olan fərdi sektorun nümayəndələri arasında əlaqələndirilmiş kütləvi maarif sisteminin yaradılmasına, onlarda İKT-dən səmərəli istifadə olunması vərdişlərinin aşılanması üçün fasiləsiz təhsil sisteminin qurulmasına, xüsusi ixtisaslaşdırılmış kurslara ciddi ehtiyac duyulur. Bilik və bacarıqların gələcəyə ötürülməsində ən aktiv qüvvə gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır. Regionda yaşayıb fəaliyyət göstərən gənclərimizin bu sahədə maarifləndirilməsinə ehtiyac daha çoxdur. Davamlı inkişafın təmin edilməsi məsələləri region gəncləri üçün yeni bir istiqamətdir və bu biliklərə yiyələnmək onların gələcək fəaliyyətlərində peşəkarlığa doğru böyük addım olacaq.
Tədbir qarşılıqlı fikir mübadiləsi və yekun mərhələnin təsdiqi ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_texnologiyalardan_istifade_bilik_ve_bacarigin_artirilmasina_xidmet_etmelidir-825369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR