Bakıda "Professor"u "Təzə Bəy"lə dəyişirlər: həbsdən sonrakı qumar

Bakıda "Professor"u "Təzə Bəy"lə dəyişirlər: həbsdən sonrakı qumar
12:12 20 Noyabr 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Kribbec, bric, vist, preferans, poker, bləkcek, bakkara, ekarte, makao... Bunlar qumarda kart oyunlarının, sadəcə, bəzilərinin adlarıdır. Vist, bakkara və ya poker üzər dünya çempionatları da var. Dünyanın bəzi şəhərlərində kazinolar və qumarxanalar da qanuni fəaliyyət göstərir. Siyasəti də qumar sayınlar və bunu deyənlər bəzən haqlı da hesab oluna bilər.

Xüsusilə də Azərbaycan müxalifətindəki son prosesləri səciyyələndirmək istəsək, əsl poker oyununun aparıldığını görərik.

Oyunçular bəlli, oyun məlum, səbəb aşkar.

67 bu dəfə 58-lə əvəzlənmir və prosesi ilk baxışdan göründüyü kimi sadə, oyun bəsit, oyunçular isə təcrübəsiz deyillər.

Oyunun gedişatı isə asan təxminlənən, süjet naşı, oyunçular səmimiyyətdən kənardırlar.

Söhbət Müsavat üzvü, "Milli Şura"nın Koordinasiya Şurasının mənsubu Tofiq Yaqublunun indi az qala zorla "Milli Şura" sədrinə sürüklənməsindən gedir.

58 yaşlı Tofiq Yaqublu siyasətdə yeni deyil. O, AXCP-Müsavat hakimiyyəti dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2010-cu ildən 2018-ci ilə qədər partiya başqanının müavini olub.

Yəni T.Yaqublunun ölkənin daxili siyasi arenasında, habelə mediasında faktiki olmasa da, nominal təcrübəsi az deyil.

O, son illərdə aşkar şəkildə AXCP sədri Əli Kərimlini dəstəkləyir.

Müsavat Partiyasının son qurultayında da strukturun başqanı, yəni sədri postuna olan seçkidə o, Yadigar Sadıqlı ilə birlikdə Arif Hacılıya rəqib olmuşdular.

T.Yaqublunun sədr seçilmək şansları çox deyildi və bu, əslində, önəmli məqam deyildi.

Əsas məsələ onun Ə.Kərimlinin kreaturası sayılması idi və məhz bu səbəbdən AXCP sədri Müsavatdakı seçkilərə səlahiyyətsiz, amma fövqəladə səfirini yollayaraq struktura nəzarəti ələ keçirmək niyyətini aşkarlamışdı.

AXCP sədrininin Müsavatla bağlı planı baş tutmadı: İsa Qəmbər köhnə rəqibinin ssenarisini asanlıqla çözdü, qurultay ərəfəsində müsavatçılara müraciət edərək seçiminin A.Hacılı olduğunu dedi və bununla da seçkilərə ciddi təsir etdi.

A.Hacılı Müsavatın de-yure rəhbəri olsa da, partiyanın əsl lideri faktiki olaraq İsa Qəmbərdir. Məhz bu səbəbdən müsavatçılar liderlərinin mesajını anladılar və A.Hacılı böyük səs çoxluğu ilə "qalib" gələrək postunu qorudu.

Lakin Ə.Kərimli geri çəkilmədi və T.Yaqublunu bu dəfə "Demokratik Qüvvələrin Milli Şurası" adlı marionet struktura rəhbər etmək istəyir.

Həmin qurumun indiki rəhbəri, uğursuz professor və siyasətdə də gözlənilən effekti yarada bilməmiş 67 yaşlı Cəmil Həsənli gerçək rəhbərindən göstəriş aldığı üçün yerini T.Yaqubluya vermək niyyətini açıqlayıb.

C.Həsənli Facebook səhifəsində yazıb: "Tofiq bəy Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir.  Biz hamımız onun sədrliyi altında, onunla çiyin-çiyinə birlikdə mübarizə aparmaqdan məmnun olardıq. Tofiq bəy bu etimadı xalqa, millətə, vətənə təmənnasız xidməti, ardıcıl mübarizəsi və fədakarlığı ilə qazanıb".

Müsavatın başqanı Arif Hacılı da vəziyyətin nə yerdə olduğunu anladığından, Cəmil Həsənlinin çağırışını ironiya ilə şərh edib: "Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır.

Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, Milli Şuranın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək".

Beləcə, A.Hacılı "Milli Şura"nın indiki sədri Cəmil Həsənlinin "təklifi"nin arxasında hansı məqsədlərin və kimlərin, daha doğrusu kimin durduğunu gözəl anladığını üstüörtülü şəkildə bəyan edərək T.Yaqublunun AXCP sədri Ə.Kərimlinin kreaturası olduğunu bir daha vurğulayıb.

C.Həsənlinin "təklif"inə gəldikdə isə, onun sərbəst hərəkət edərək müstəqil fikir yürütməsi və bəyanatlar verməsi ilə bağlı illüziyalara yalnız AXCP-nin sıravi üzvləri aldana bilər.

Ə.Kərimlinin sosial şəbəkədəki trolları belə, bilirlər ki, C.Həsənli, əslində, Ə.Kərimlinin müavini funksionallığını yerinə yetirir və "Milli Şura"dakı bütün fəaliyyəti istisnasız olaraq AXCP sədrinin göstərişlərinin qeyd-şərtsiz yerinə yetirilməsindən ibarət olub, indi də belədir.

Noyabrın 2-də "Milli Şura"nın şəhərin mərkəzində, Bakı metropoliteninin "28 May" stansiyasının önündəki meydanda qanunsuz və icazəsiz aksiya keçirmək cəhdinin sonradan təxirə salınması ilə bağlı C.Həsəlinin "təklifi" elə müxalifət düşərgəsində lağa qoyulmuşdu.

Cəbhəçilərdən biri hətta "Əli bəy niyə Həsənli vasitəsilə sınaq "atış"ı edir?!" yazmışdı.

Səbəb çox bəsitdir: C.Həsənli əsla müstəqil təkliflə çıxış etməyib, edə də bilməz. Siyasətdə tam həvəskar olan, demaqogiyanı tənqid, köpüklü və pafoslu şüarçılığı da məntiqi çıxışlarla səhv salan bu qoca professor müxalifət düşərgəsində ironiya ilə "Ağsaqqal" çağırılırdı.

O, faktiki olaraq heç zaman heç nəyi həll etməyib, nəinki "Milli Şura"nın fəaliyyətinin idarə olunması və ya aksiyaların koordinasiyası, hətta qurumun adından açıqlamalar vermək səlahiyyətlərinə belə, malik olmayıb.

"Milli Şura" kinossenarist və yazıçı Rüstəm İbrahimbəyov üçün sifarişlə, tələsik, məqsədli şəkildə yaradılmışdı.

Xatırladım ki, 2013-cü ilin mayın 28-də, Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, KXCP sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat sədri İsa Qəmbərin iştiraki ilə görüş keçirilmişdi.

"Demokratik Qüvvələrin Milli Şurası"nın təsis sənədləri ilə bağlı müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin ACP lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışdılar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdı.

Elə həmin gün də "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılmışdı, R.İbrahimbəyov da sədr seçilmişdi. Məqsəd 2013-cü ildə keçirilmiş prezident seçkilərində R.İbrahimbəyovun müxalifət düşərgəsindən vahid namizədliyini irəli sürməkdi.

R.İbrahimbəyov variantı baş tutmamışdı: tanınmış yazıçı və ssenariçi ondan istifadə olunduğunu anlamış, fikrindən vaz keçmişdi.

Və onda Ə.Kərimli tələsik C.Həsənlinin "Milli Şura"ya sədr seçilməsinə nail olmuşdu.

Bir zamanlar bu strukturu təsis edən siyasətçilərdən kimsə indi orada deyil: qalan, sadəcə, AXCP sədri və bloqer Əli Kərimlidir.

O, "Milli Şura"nı kliniki koma vəziyyətindən çıxartmaq, Cəmil Həsənli -Tofiq Yaqublu-Gültəkin Hacıyeva üçlüyünün siyasi mövcudluğunun təminatı vasitəsi kimi tanınmasına son qoymaq və ən başlıcası, bu qurumu gələcək planlarında həm müxalifət düşərgəsində nominal birlik müzakirələrində əlavə təsir rıçaqı, həm də hakimiyyətlə yeni kuluar alver baş tutarsa, "satılacaq əmtəə" qismində istifadə etmək fikrindədir.

Arif Hacılının ironik, məsxərə formatındakı açıqlaması da məhz bu səbəblə bağlıdır.

İsa Qəmbər-Arif Hacılı dueti əla anlayırlar ki, Ə.Kərimli Müsavatı zəiflətmək və puç etmək təki illərdən bəri can atdığı arzusundan əl çəkməyib. Əksinə, AXCP sədri seçkilərdə T.Yaqublunun məğlubiyyətindən sonra daha da aktivləşib.

Əslində, Arif Hacılının özününün soial şəbəkələrdə sıravi müsavatçılarla yanaşı, partiya funksionerləri tərəfindən lağlağı və sərt tənqid obyektinə döndüyü, Almaniyadakı mühacir qalmaqalından sonra yaranmış biabırçı durumdan çıxmaq üçün partiyanın qərargahında təşkil etdiyi mətbuat konfrasında dediyi sözlərlə və davranışı ilə ona verilmiş "Anbardar Məmmədxan" ləqəbini tam doğrultduğunu nəzərə alsaq, Müsavat başqanının AXCP sədrinin seyrək bostatına verbal kəsək tolazlamasının özü tragikomediyadır.

Amma məcburdur, çünki Əli Kərimlinin niyyətini bilir.

T.Yaqublunun "Milli Şura" təki axsaq, öləzimiş struktura sədr təyinatı birmənalı şəkildə onun tərəfdarlarının Müsavatı tərk etməsi ilə nəticələnə və beləcə, partiyada Qubad İbadoğlu ilə Vurğun Əyyubun gedişindən sonrakı qopmalarla ayrılmaların təkrarı yaşanacaq.

Görünən odur ki, Müsavat müdafiə olunmağa, AXCP sədri və bloqer Ə.Kərimli isə yeni gedişə hazırlaşır.

Radikallaşmış kəsimdə siyasi qumar davam edir.

Qumarda növbəti gedişin  -"Dama" funksionallı Gültəkin Hacıbəylinin təsdiq reaksiyası isə nədənsə gecikir.

Tofiq Yaqublunun inzibati həbsdən sonra siyasi qumara fiqurant qismində cəlb olunması isə, sadəcə, təəssüf doğurur.

Cəbhəçilərin sosial şəbəkələrdə "Təzə bəy" dedikləri Tofiq Yaqublu "Professor" ləqəbli Cəmil Həsənlini dəyişməyə hazırlaşır.

Oyunsa dəyişmir.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/803717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR