Xarici görünüşün şəxsi münasibətlərdə və iş həyatında rolu - ARAŞDIRMA

Heç şübhəsiz ki, fiziki xüsusiyyətləri yaxşı olan insanlar həyata 1:0 öndə başlayırlar. İnsanlar sözdə yüksək mənəvi dəyərlərin əsas olduğunu desə də, beynimiz insanlara ilk öncə onun yaraşıqlı (və ya gözəl) yoxsa çirkin, kök yoxsa arıq, balacaboy yaxud hündürboy olmasına görə davranır.

Məsələn, bir kollektivə yeni daxil olduğunuzu düşünün. Bu bir dost mühiti və ya yeni iş yeri ola bilər. Yeni iş yerinizə ilk dəfə getdiyiniz zaman insanlarda öz fiziki görünüşünüz və geyiminizlə təəsürat yaratmış olursunuz. Əgər yeni tanıdığınız əks cins sizdən daha yaxşı geyimli və daha yaxşı fiziki xüsusiyyətlərə (məsələn daha hündür və ya fit bədənə) sahibdirsə, o sizə seks partnyoru kimi baxmayacaq. Buna görə də, sizə qarşı davranışları ya soyuq olacaq, ya da sizdən 5 yaş böyükmüş kimi "ərklə" rəftar edəcək. Burada əks cinsin rəftarı onun xarakterinə görə dəyişə bilir: Məsələn, sizə seks partnyoru kimi baxan bir qadın daha çəkingən və məsafəli olduğu halda, digəri sizinlə daha səmimi və rahat davrana bilər. Bir araşdırmaya görə, qadınların 80%-i ilk dəfə gördükləri kişi ilə bağlı avtomatik qərar verirlər ki, kişi onların seks partnyorları ola bilər, ya yox.

Əslində beynimizin insanlara xarici görünüşə görə rəftarı təkcə əks cins üçün keçərli deyil. Həmcinslərimizlə münasibətlərdə də eyni qayda keçərlidir. Daha yaxşı fiziki xüsusiyyətlərə və ya daha yaxşı geyimə sahib insanlar da əksər hallarda özləri kimi olan həmcinsləri ilə ünsiyyət qurur və onlara müsbət reaksiya verirlər. İnsanların özləri kimi olanlara müsbət yanaşmaları bir təcrübə ilə təsdiqlənmişdir: Ötən əsrin 70-ci illərində ABŞ-da tələbələr arasında belə bir təcrübə keçirildi. O zaman tələbələr ya hip-hop tərzində, ya da klassik üslubda geyinirdilər. Araşdırmaçılar əvvəlcə klassik üslubda geyinərək tələbələrə yaxınlaşıb, onlardan qəpik pul istəyiblər. Sonra isə eyni proseduru hip-hop tərzdə geyinərək təkrarlayıblar. Nəticədə tələbələrin yalnız öz tərzində geyinən şəxsə pul verdiyi məlum olmuşdur.

Fiziki xüsusiyyətləri yaxşı olan birini gördüyümüz zaman, beynimiz avtomatik olaraq bütün müsbət xüsusiyyətlərin (ağıllı, mədəni, savadlı və s.) o insanda olduğuna inanır. Müəllimlər arasında 1968-ci ildə keçirilən bir sorğu da bunu sübut edir. Belə ki, keçirilən sorğuda məlum olub ki, müəllimlərin çoxu yaxşı geyinmiş uşaqların digər şagirdlərdən daha az dəcəllik etdiyinə və daha ağıllı olduğuna inanırlar.

Araşdırmaya görə, 100 millisaniyə qədər qısa müddət içində necə təəsürat yaranırsa, sona qədər belə qalır. Kanadanın Onratio Universitetinin professoru, sosial psixoloq Bertram Qavron bu qanunu belə açıqlayır: “Təsəvvür edin ki, yeni bir iş yoldaşınız ilə tanış oldunuz və ilk baxışdan sizdə müsbət təəsürat oyatmadı. Bir neçə həftə sonra onu bir yığıncaqda gördünüz və əslində yaxşı biri olduğunu düşündünüz. İlk təəsüratınız yanlış olsa belə, onunla bağlı düşündüyünüz müsbət düşüncələr sadəcə o yığıncaq çərçivəsində olacaq. Daha sonra yenə də ilk təəsüratda olduğu kimi düşünəcəksiniz”.

Şəxsi münasibətlərdə olduğu kimi, iş həyatında da yaxşı xarici görünüş əhəmiyyətli dərəcədə rol oynayır. “Ginnesin Rekordlar Kitabı”na “Tarixin ən böyük avtomobil satıcısı” olaraq düşən Co Cirard bu işdən ildə 200 min dollar qazanırdı. O, sadə bir satıcıdan başqa biri deyildi, amma gördüyü işdə tarixin ən yaxşılarından olmağı bacarmışdı. O, bir müsahibəsində uğurunun sirri barədə danışarkən deyirdi: “Müştərilərə ondan bir şey almaq istəyəcəkləri, onu sevəcəkləri bir satıcı vermək”.

Təkcə yaxşı xarici görünüş tələb edən “Satış meneceri”, “TV aparıcısı” kimi vəzifələrdə deyil, bütün sahələrdə yaxşı xarici görünüşü olanların uğur qazanmaq şansı digərlərinə nisbətən yüksək olur. Ekseter Universitetində aparılan bir araşdırmaya görə, kişilərdə boy uzunluğu 7,62 sm artdıqca, illik qazancları 2 min dollar artır. Qadınların isə çəkiləri hər 6,35 kiloqram artıdca, ortalama gəlirdən 2 min dollar az qazanırlar. Bu o dəməkdir ki, 1,82 boyunda bir şəxs, boyu 1,52 olan həmkarına nisbətən 100 min dollar daha çox qazanır.

Sarbon Universitetində həyata keçirilən digər bir araşdırmaya görə, CV-də açıq sinəli fotoları olan qadınların işə götürülmə ehtimalı, digər qadınlara nisbətən 4 dəfə, satış sahəsində isə 5 dəfə artıq olur. Həmçinin, yaraşıqlı olan kişilərin daha çox komanda işlərinə, yaraşıqlı olmayanların isə rəqabətcil işlərə götürüldüyü təsdiqlənmişdir. Araşdırmaya görə, müdirlər 2 namizəd arasında qaldıqları zaman, özlərinə daha xarizmatik gələn namizədi işə götürürlər.

Dak Universitetində 792 şirkət rəhbəri ilə həyata keçirilən digər bir araşdırmaya görə, daha dərin səs tonlarına sahib insanların daha böyük şirkətə sahib olduqları və daha yaxşı pullar qazandıqları ortaya çıxmışdır. Səs frekansındakı hər 22 Hertz düşüş 440 dollardaha dəyərli bir şirkətə, 187 min dollar daha yüksək bir qazanca və 151 gün daha uzun öz vəzifəsində qalmağa işarə etmişdir.

Bütün bu araşdırmalara əlavə olaraq yaşadığımız cəmiyyətdən də misallar gətirmək mümkündür. Bu, özünü virtual aləmdə - sosial şəbəkələrdə daha çox büruzə verir. Fikir verin, “Facebook”da insanlar xarici görünüşü daha yaxşı olan insanların paylaşımlarını daha çox bəyənir və rəy bildirməyə çalışırlar. Həmçinin, insanlar xoş görünüşlü istifadəçilərin paylaşımlarına digərlərinə nisbətən daha çox müsbət rəylər bildirirlər. Burada təbii ki, həmin şəxsin sosial mövqeyi də rol oynayır.

Təbii ki, çəkdiyimiz bütün nümunələrdə istisna hallar mövcuddur. Lakin, istisnalar ümumi qanunauyğunluqları pozmur.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR