Dəm qazı zəhərlənməsi nədir, necə baş verir və nələri səhv edirik? -

Son günlər Azərbaycanda dəm qazından boğulma hallarında artım müşahidə olunur. Demək olar hər gün bu səbəbdən baş verən ölüm xəbərlərini eşidirik. Təkcə dünən 6-sı tələbə olmaqla 9 nəfər bu səbəbdən dünyasını dəyişib, bu gün isə 2 nəfər dəm qazından boğulub. Ümumilikdə 2019-cu ildə 152 nəfər bu səbəbdən dünyasını dəyişib. "Səssiz ölüm"lə necə mübarizə aparmalıyıq, hansı tədbirlər görülməlidir?

Metbuat.az bununla bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin fikirlərini öyrənib:

"Evdə riayət edilməli olan təhlükəsizlik qaydaları var ki, bədbəxt hadisələrin olmaması üçün əməl etmək lazımdır"

Payız-qış aylarında insanların təbii qaza olan təlabatı da artır. Yəni insanlar evlərini isitmək üçün qaz sobalarından, qaz cihazlarından istifadə edirlər. Havaların soyuması ilə əlaqədar olaraq insanlar evlərində qapı-pəncərələri, hamam otaqlarında nəfəslikləri bağlı saxlayırlar. Ancaq bilmək vacibdir ki, gün ərzində 3 dəfə, 5 dəqiqəlik də olsa, evin havası dəyişilməlidir. Mətbəx otağının nəfəsliyi, ventiliyasiyası olmalıdır. Hamam otağında isə nəfəslik daim açıq olmalıdır. Daha sonra evdə riayət edilməli olan təhlükəsizlik qaydaları ki var, onlara əməl etmək lazımdır ki, bədbəxt hadisələr ilə qarşılaşmayasınız. Qaz cıhazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaq lazımdır. Ondan sonra kibriti çəkərək qazı yandırmaq. Buna, evdən çölə girəndə də mütləq əməl etmək lazımdır. Bizdə bu bir adət halı alıb, çöldən evə girən kimi dərhal işığı yandırırıq. Ancaq bu təhlükəlidir. Ola bilsin siz evdə olmayandan qaz sızması var və siz işığı yandırdığınız zaman partlayış olar. Ona görə çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyatı üzrə müvafiq quruma məlumat vermək lazımdır.

"Qaz cihazları alarkən bunlara diqqət edilməlidir..."

Hər il qış aylarında dəm qazından boğulma halları ilə bağlı xəbərlər eşidirik. Nə qədər maarifləndirmə aparılsa belə, yenə də insanlar öz həyatlarına biganə yanaşaraq qazla bağlı təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşırlar. Dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə edilməməlidir. Yəni standartlara uyğun olmayan qaz cihazlarını, yaxud ehtiyyat hissələrini almaq, kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək dəm qazını yaradan əsas amillərdir. Tez-tez rast gəlinir ki insanlar kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı belə olmayan, uyğunluq sertifikatı olmayan qaz cihazlarını alır, evdə istifadə edirlər. Bu potensial təhlükə riskidir ki, insanlar bunu nəzərə almırlar.

"Dəm qazını hiss etmək mümkün deyil..."

Dəm qazı iysiz, dadsız və rəngsizdır. Havadan yüngül qazdır, ona görə onu hiss etmək olmur. İnsana dəm qazının təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi təsir edir. Dəm qazını - yəni karbon monoksidi (CO) yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Sadə dildə belə deyək, yanma prosesi düzgün getmir və natamam yanma nəticəsində ayrılan qaz karbon 4 oksid əvəzinə, karbon 2 oksidə çevrilir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur.

"Zəhərlənmə olmaması üçün bunlar edilməlidir"

Ona görə insanlar bilməlidirlər ki, dəm qazını yaradan səbəb qaz sobalarında yanma prosesinin düzgün getməməsidir. Tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü boruları yamaq, kəsik-deşik olmamalıdır. Tüstü boruları zədəli olsa, dəm qazının yaranması qaçılmaz olar. Gəlin baxaq, dəm qazından zəhərlənmə halları əsasən evdə harada baş verir. Yataq otağı birdə hamam otaqlarında. Hamam otağında dəm qazından zəhərlənmə halları demək olar ki, 95 faizdən çoxdur. Ən çox hamam otağında olmasına səbəb hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda hamam otaqları 7 m2 olmalıdır. Ancaq 2-3 m2 olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan soba qoyulub.

"Dəm qazından zəhərlənən şəxsə bu cür yardım edilməlidir..."

Onu qeyd edim ki, dəm qazı olan hava ilə insan tənəfüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi olan bilər. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu içəridə hava ventilyasiyası üçündür. Hamam otağında nəfəslik daim açıq olmalıdır. Bədbəxt hadisələr baş verməsin deyə bunlara məsuliyyətlə yanaşmaq lazımdır. Dəm qazı ilə zəhərlənmə olarsa, həmin insanı otaqdan bayıra təmiz havaya çıxartmaq , əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq, və ehtiyac olarsa süni nəfəs vermək lazımdır. Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay verməklə təcili tibbi yardım çağırmaq lazımdır.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR