Bakı, 18 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tibbi-sosial reabilitasiya xidməti üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səfər Avropa İttifaqının “Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsi çərçivəsində baş tutub. Məqsəd əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiyası xidmətinin təkmilləşdirilməsi sahəsində Almaniya ilə təcrübə mübadiləsinin aparılmasıdır.
Mayın 23-də başa çatacaq səfər çərçivəsində Almaniyanın aidiyyəti dövlət qurumunun məsul şəxsləri ilə görüşlər keçiriləcək, əlilliyi olan şəxslərlə bağlı hüquqi-normativ baza, bərpa-müalicə və reabilitasiya sisteminin təşkili, tibbi modellə yanaşı sosial modelə əsaslanan reabilitasiya tədbirləri və s. mövzularda məlumat mübadiləsi aparılacaq.
Nümayəndə heyəti, eyni zamanda, Almaniyada əlil şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası ilə məşğul olan müəssisələrin iş təcrübəsi ilə yaxından tanış olacaq.
Tvinninq layihəsində Azərbaycanda əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi sahəsində Fransa, Almaniya və Litvanın müvafiq dövlət qurumları ilə əməkdaşlığın həyata keçirilməsi və təcrübə mübadilələrinin aparılması əksini tapıb.