Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Belarusun poçt operatoru “Belpoçta” arasında əməkdaşlıq müqaviləsi bağlanılıb.
"Report" bu barədə "Azərpoçt"a istinadən xəbər verir.
Məlumata görə, imzalanma mərasimi “Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekomunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində baş tutub. Mərasimdə Belarusun rabitə və informasiya naziri Konstantin Şulqan da iştirak edib.
Müqaviləyə əsasən tərəflər qruplaşdırılmış poçt göndərişlərinin ikitərəfli mübadiləsini həyata keçirəcək. Belə ki, tərkibi elektron kommersiya mallarından ibarət olan beynəlxalq kiçik paketlərin mübadilə şərtləri asanlaşdırılacaq və bu göndərişlərin bazara uyğun qiymətlərlə çatdırılması təmin olunacaq.
Əsas məqsəd 2 ölkə arasında mübadilə olunan poçt həcmini artırmaq və elektron kommersiyanın daha geniş inkişafına nail olmaqdır.
Qeyd edək ki, ötən il “Bakutel-2018” Sərgisində “Azərpoçt” və “Belpoçta” arasında poçt, maliyyə xidmətlərinin, EMS və logistikanın inkişaf etdirilməsilə bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.