Bakı, 19 may, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Məxdumqulu Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri AMEA-nın Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu və Türkmənistanın ölkəmizdəki səfirliyi birgə təşkil edib.
AZƏRTAC xəbər verir ki, konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli böyük türkmən şairi M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb, tədbirin işinə uğurlar arzulayıb.
Sonra Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovun “M.Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür" və AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin “M.Fəraqinin yaradıcılığında vətənpərvərlik” mövzusunda məruzələri dinlənilib.
Konfransda alimlər “M.Fəraqinin poeziyasında klassik və xalq şeiri ənənələri”, “M.Fəraqi və XVIII əsrdə oğuz türklərinin ədəbiyyatı”, “M.Fəraqi irsi türkmən və ümumtürk dəyərlər qovşağında” və “Müstəqillik illərində M.Fəraqinin yaradıcılığı Ədəbiyyat İnstitutu alimlərinin tədqiqində” mövzularında çıxış ediblər.