Azərbaycan bu il ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib - Politoloq

Azərbaycan bu il ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib - Politoloq
12:22 31 Dekabr 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan regional və qlobal miqyasda öz çəkisi və xüsusi mövqeyi olan bir dövlətdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu artır, müsbət imici möhkəmlənir. Bu tendensiya demək olar ki, bütün sahələrdə - siyasət, iqtisadiyyat, humanitar, təhlükəsizlik, mədəniyyət, idman sferalarında özünü göstərir. 2019-cu ildə ölkəmizin xarici siyasət fəaliyyətində əvvəlki illərdə olduğu kimi balanslaşdırılmış xarici siyasi kursunun davamının şahidi olduq.

Trend-in məlumatına görə, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanın regional xarici siyasətində artan nüfuzu özünü artıq hansısa üçüncü tərəfin deyil, məhz Azərbaycanın rəhbərliyi altında beynəlxalq layihələrin reallaşmasında göstərməkdədir:

"Bu il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan TANAP və TAP layihələrinin reallaşması rəsmi Bakının Asiya və Avropa arasındakı mövqelərini gücləndirmiş oldu. Ölkəmiz TANAP layihəsinə başlayanda onun maliyyəsi 11 milyard dollardan artıq nəzərdə tutulmuşdu. Təkcə TANAP layihəsi 8 milyard dollara başa gəlib. Trans-Anadolu (TANAP) boru kəməri dünyada həyata keçirilən ən nəhəng iqtisadi layihələrdən biridir. Bunu adıçəkilən kəmərin “Şahdəniz-2” qazından savayı, Xəzər dənizindəki digər yataqların təbii qazını da daşıya biləcək gücündə olması faktı da təsdiqləyir. "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması o deməkdir ki, Azərbaycanın əlavə gəliri artacaq. Bu, əhalinin sosial rifahının, iqtisadi potensialın yaxşılaşmasına gətirib çıxaracaq ən əsas amillərdəndir".

Politoloq qeyd edib ki, bu il Çinin nəhayət ki, orta ipək yol xəttinə yaşıl işıq yandırması Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük layihəyə sahib olacağını göstərmiş oldu: "Burada qeyd etmək yerinə düşər ki,Pekin uzun müddət idi ki, Çin mallarının Avropaya istiqamətlənməsində Cənubi Qafqazla bağlı tərəddüd etməkdə idi".

Ekspert xüsusilə vurğulayıb ki, Azərbaycan 2019-cu ildə beynəlxalq müstəvidə Ermənistana qarşı informasiya müharibəsini davam etdirdi:

"Münaqişənin nizamlanması istiqamətində bu gün beynəlxalq ictimaiyyətin rəyi olduqca önəmlidir. Elə bu ilin 25-26 oktyabr tarixlərində Bakıda “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü keçirilmişdir. Qoşulmama Hərəkatı dünyada ən çox üzvü olan təşkilatlardan biridir. Bakıdakı bu il keçirilən toplantıda dünyanın 120 ölkəsindən çoxunun Ermənistanı işğalçı adlandırmaları, eyni zamanda dünyanın bir çox təşkilatlarının münaqişə ilə bağlı Azərbaycanın lehinə verdikləri qətnamələr və bəyanatlar bir daha göstərmiş olur kı, erməni qoşunları işğal altındakı torpaqlardan çıxmalıdırlar".

Z.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan coğrafi baxımdan kiçik ölkə olmasına baxmayaraq, qlobal layihələrin həyata keçirilməsi ilə məşğuldur: "Bu qlobal layihələrin həyata keçirilməsi kənardan asan görünsə də, olduqca çətin prosesdir. Bu kimi layihələrin bizim regionda həyata keçirilməsi üçün möhkəm iradə, yaxşı düşünülmüş strateji siyasət vacibdir.

Hər bir dövlətin inkişafı üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq siyasi kurs aparması çox vacibdir. Regionda təhlükəli proseslərin getməsinə, beynəlxalq vəziyyətin daha da gərginləşməsinə baxmayaraq, ölkəmizdə sabitlik, təhlükəsizlik tam təmin olunub. Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib".

Politoloq qeyd edib ki, bu il ərzində də, ötən illərdə olduğu kimi Bakı-Brussel, Bakı-Vaşinqton və Bakı-Moskva münasibətlərində inkişafın şahidi olduq: "Təbii ki, bütün göstərilənlər ölkə liderinin çevik və rasional siyasi gedişlərinin nəticəsidir. Son zamanlar, bir çox ekspert və politoloqlar MDB məkanının əksər dövlətlərindən fərqli xarici siyasət kursunu seçmiş Azərbaycanı bir çox ölkələr üçün örnək olduğunu bildirirlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3171930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR