Bakı. Trend:
Gəncədə Cavad xanın rus qoşunlarına qarşı qeyri-bərabər döyüşdə həlak olmasının növbəti ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub. Cavad xanın türbəsi önündə baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Trend-in məlumatına görə, tədbirdə Gəncənin sonuncu xanı, Ziyadoğlular nəslinin nümayəndəsi Cavad xanın şücaətindən söz açılıb, onun bütün Azərbaycan xalqının qürur mənbəyi olduğu bildirilib.
Qeyd olunub ki, Qacarlar nəslindən olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan 1804-cü ilin yanvarında general Pavel Sisianovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə, oğulları ilə birlikdə qəhrəmancasına həlak olub. Xanın azadlıq mübarizəsi onu tək gəncəlilərin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevirib. Məhz elə bu səbəbdəndir ki, iki əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Cavad xanın adı dillərdə, xatirəsi isə qəlblərdə yaşayır.
Tədbirdə Gəncə Dövlət Dram Teatrının kollektivi Cavad xana həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib.
Çıxışlardan sonra mərasim iştirakçıları Cavad xanın türbəsini ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2004-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin