Pedaqoji Universitet ABŞ Universiteti ilə birgə magistr hazırlayacaq

Pedaqoji Universitet ABŞ Universiteti ilə birgə magistr hazırlayacaq
12:17 31 Yanvar 2020
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer və digər rəsmi qonaqlar iştirak ediblər.

C.Bayramov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarəolunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

C.Bayramov əlavə edib ki, ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/822140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR