FHN işçilərinin Həmkarlar İttifaqının plenumu keçirildi - FOTO

FHN işçilərinin Həmkarlar İttifaqının plenumu keçirildi - FOTO
19:03 31 Yanvar 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2019-cu ilin yekunlarına həsr olunmuş plenumu keçirilib.

Publika.az-ın məlumatına görə, plenumda hesabat məruzəsi ilə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovun bildirib ki, ötən il Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtlarını mənalı keçirməsi istiqamətində işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənliklər təşkil edilib. 2 fevral - Gənclər Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlarda, həmçinin vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İttifaq üzvlərinin sağlamlığını qorumaq və qurumlararası əlaqələri intensivləşdirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə 13 idman növü üzrə keçirilən yarışlara dəstək göstərilib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı hər il olduğu kimi “Gənc xilasedici” VII Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyində, “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika uşaq yaradıcılıq müsabiqəsinin təşkilində yaxından iştirak edib, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək olub, maddi durumu çətin olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara maddi yardım göstərib.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbirə də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən dəstək göstərilib. Həmçinin FHN Akademiyasının Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Xəmsə” intelektual bilik yarışına öz dəstək verilib.

Hər il olduğu kimi, bu ildə də ittifaqımızın fəaliyyətində əsgərlərlə görüş əsas prioritet vəzifələrdən biri olub. İl ərzində Mülki Müdafiə Qoşunlarının Bərdə və Qəbələdə yerləşən hərbi hissəsində, həmçinin Müdafiə Nazirliyinin Ağdamda yerləşən hərbi hissənin ön cəbhədə xidmət aparan əsgərləri ilə görüş təşkil edilib. Hər bir tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələri təqdim olunub.

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaşların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzinə ziyarətləri təşkil olunub.

İl ərzində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının beynəlxalq əlaqələrini inkişaf etdirmək, beynəlxalq təcrübəni öyrənmək və təcrübə mübadiləsini yaratmaq məqsədilə bir çox işlər həyata keçirilib. Belə ki, 2019-cu ilin noyabr ayında Belçikanın İctimai Xidmətlər üzrə Çoxkateqoriyalı Federasiyası ilə əməkdaşlığın yaradılmasına köməklik göstərilməsi məqsədilə Belçika Krallığının ölkəmizdəki səfirinin müşaviri Denis Naets ilə görüş keçirilib. Həmçinin həmin ərəfədə ittifaqın dəvəti ilə Türkiyənin Bayındır Memur-Sen Həmkarlar Təşkilatının nümayəndələri Bakıda qonaq olub, iki ölkənin müvafiq həmkarlar təşkilatları arasında qarşılıqlı təcrübə mübadiləsi və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Hesabat məruzəsi dinlənildikdən sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov ittifaqın il ərzində gördüyü işlərə münasibətini bildirib, görülən işləri yüksək qiymətləndirib.

Sonda, ittifaqın digər illik cari məsələləri müzakirə olunub.

Hesabat iclası bitdikdən sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Pənah Məhərrəmova 70 illik və Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Azad Kərimova 60 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları təqdim edilib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/303551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR