"Report"un məlumatına görə, bu dəfə qarşılaşmalar paytaxtda təşkil olunacaq.
Günün ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edəcək. Hazırda “qartallar” 20 xalla 6-cı, “qırmızı-qaralar” isə 13 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Komandalar arasında birinci dövrədə bu stadionda keçirilmiş görüşdə qalib müəyyənləşməyib. İkinci dövrədə Qəbələdə oynanılmış qarşılaşmada isə əyalət təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Komandalar indiyədək 18 dəfə qarşılaşıblar. Bunların 4-də “Zirə”, 6-da “Qəbələ” qələbə qazanıb. 8 görüş isə heç-heçə bitib. Topların fərqi də bölgə təmsilçisinin xeyirinədir – 22:15. “Qəbələ” 5 oyundur rəqibinə uduzmur. “Zirə” isə axırıncı 6 ev matçında məğlub olmayıb.
Turun son matçında “Neftçi” “Bakcell Arena”da “Səbail”lə üz-üzə gələcək. “Ağ-qaralar” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Dənizçilər” isə 19 xalla 7-ci sıradadır. “Neftçi” ilk dövrədə rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında ikinci dövrədə keçirilmiş qarşılaşmada isə hesab açılmayıb.
Flaqman bu gün qələbə qazansa, lider "Qarabağ"la xal fərqini 6-ya endirəcək. "Səbail"in isə 5-ci pilləyədək irəliləmə şansı var.
Rəqiblər Premyer Liqada 10 dəfə üz-üzə gəliblər. 6 oyunda “Neftçi” qələbə qazanıb. "Səbail" 2 görüşdə qalibiyyəti bayram edib. 2 oyun isə heç-heçə yekunlaşıb. Topların fərqində də “ağ-qaralar” öndədir - 20:7. “Səbail” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Neftçi” isə ev matçlarında meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası, XIX tur
1 mart (bazar)
15:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Zirə İdman Kompleksinin stadionu,
17:00. “Neftçi” – “Səbail”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”
Qeyd edək ki, ilk oyun günündə “Sumqayıt” evdə “Keşlə” ilə 0:0, “Qarabağ” isə “Sabah”la 2:2 hesablı heç-heçə edib.