Koronavirus həyatımızda nələri dəyişdi? - FOTO

Koronavirus həyatımızda nələri dəyişdi? - FOTO
09:52 19 Mart 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasının bütün dünyaya təsir etdiyini desək, yanılmarıq. Bu xəstəlik həyatın müxtəlif sahələrinə, o cümlədən insanlar arasındakı şəxsi münasibətlərə də təsir göstərib. Koronavirus təhlükəsi yayılmağa başladıqdan sonra bir çoxlarının adi həyat tərzi dəyişib və insanlar daha çox narahat və ehtiyatlı olmağa başlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən koronavirusun insan həyatında etdiyi dəyişikləri təqdim edir:

Gigiyena

Tibb sahəsində çalışan mütəxəssislər bunun virusa qarşı ən yaxşı müdafiə olduğunu söylədikdən sonra insanlar əllərini daha çox yumağa başladılar. Əl antiseptiklərinin satışları əhəmiyyətli dərəcədə artdı. Sabunla əli yumaq, spirtləmək bu xəstəliklə mübarizədə qızıl qaydalardan hesab olunur. Çoxları yoluxma riskini azaltmaq üçün əllə görüşməkdən çəkinməyə başladı. Bir sıra şəxslər isə bunun əvəzində dirsəkləri, ayaqları ilə salamlaşmağa üstünlük verdi.

İstirahət

Mütəxəssislər insanlara virusa tutulma riskinin yüksək olduğu ölkələrə getməmələri mövzusunda xəbərdarlıq edir. Bununla əlaqədar olaraq aviaşirkətlər uçuşları ləğv etdilər. "Google"a görə, istifadəçilər tətil məlumatlarını 25 faiz daha az görməyə başladılar və tur operatorları tətil təkliflərini daha az reklam edir. Turist axınını itirməmək üçün Yunanıstan tətil qiymətlərini 33 faiz aşağı saldı. Potensial təhlükəli yerlərdən qayıdan səyahətçilərə iki həftə ərzində insanlarla əlaqə yaratmamaq tövsiyə olundu və onlar karantinə alındı.

Alış-veriş

Çaxnaşmaya düşən insanlar koronavirusa yoluxduqları zaman ev karantinindən qorxaraq yemək, əl antiseptikləri və tibbi maskalar almağa başladılar. Digərləri isə ərzaq ehtiyatının tükənəcəyindən qorxaraq marketlərə axın etdi. Nəticədə dünyanın bir sıra ölkələrinin böyük alış-veriş mərkəzlərində izdiham yaşandı, piştaxtalar boşaldıldı.

İctimai nəqliyyat

İndiki durumda ictimai nəqliyyatla səyahət rus ruletinə bənzəyir. Sərnişinlər avtobuslarda tutacaqlardan tutmağa çəkinirlər, bir-birlərinə çox yaxın durmaqdan qorxurlar. Öskürək və ya asqırma yaxınlıqdakı insanlarda çaxnaşmaya səbəb olur. Bəziləri hətta başlarına paket və ya qutu qoyur, infeksiyadan qorunmağa çalışır və maskalar tanış bir aksesuara çevrilib.

Təhsil

Valideynlər ölümcül bir xəstəliyə yoluxmamaları üçün övladlarını məktəbə göndərməkdən qorxdular. Belə olan halda, demək olar ki, bütün ölkələrdə məktəblərdə dərs prosesi dayandırıldı. Təhsil ocaqları sanitariya məqsədilə bağlandı.

İş

Bir çox dövlət və özəl şirkətlərdə koronavirus pandemiyasına qarşı xüsusi rejim həyata keçirilir. Yaşlılara və azyaşlı övladı olan analara evdən işləmək şəraiti yaradılıb. Bundan başqa, bir sıra dövlət qurumları onlayn rejimə keçib. İşçilərin xaricə ezamiyyələri dayandırılıb. 

Kütləvi tədbirlər

Koronavirus təhlükəsi daha geniş şəkildə yayıldıqdan sonra bir sıra yerli və beynəlxalq yarışlar, festivallar, turnirlər təxirə salınıb. Əyləncə və mədəniyyət mərkəzlərinin fəaliyyəti müvəqqəti dayandırılıb. Məsələn, ölkəmizdə toylar keçirilməsi qadağan edilib, kafe və restoranların fəaliyyətinə saat 21:00-dək icazə verilib.

İdman

Avropada bir çox idman tədbirləri də ləğv edildi. Çempionlar Liqası, Avropa Liqası, o cümlədən digər idman növlərinə aid nüfuzlu yarışlar təxirə salındı. Bundan başqa, Azərbaycan Premyer Liqası da daxil olmaqla, demək olar ki, bütün ölkələrdə futbol yarışları dayandırıldı. Futbol üzrə Avropa Çempionatının final mərhələsinin 2021-ci ildə keçirilməsinə qərar verildi. Tokida keçiriləcək Olimpiadanın isə təxirə salınıb-salınmayacağı müzakirə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/835005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR