Azərbaycanın koronavirusla mübarizə strategiyası

Azərbaycanın koronavirusla mübarizə strategiyası
23:13 23 Mart 2020
115 Digər
Ölkə mətbuatı
A- A+

Sabahdan etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq ediləcək. Bu, koronavirus pandemiyasına qarşı mübarizə strategiyasıdır.

Dünyada 4 belə strategiya var:

1. Aqressiv strategiya: Bu, Çinin tətbiq etdiyi mübarizə metodudur. İnsanların zorla evlərinə qapadılması, hərbi gücün tətbiqi və s. Nəticədə bu gün Çində virusun yayılmasının qarşısı alınıb. Misal üçün, son 24 saatda heç bir yoluxma halı qeydə alınmayıb.

2. İmmunitetin formalaşması: İngiltərə bu mübarizə yolunu seçib. 4 ay yaşı 70 və 70-dən çox olanlar karantinə alınır, hətta küçəyə çıxsalar, zorla evlərinə qapadılır, əhalinin 70 yaşdan az olan digər qismi karantinə alınmır, məktəblər, təhsil müəssisələri əvvəlki qaydada fəaliyyət göstərir. Məqsəd 70-dən az olan yaş qruplarının virusa yoluxmasına imkan verməkdir. İngilislər hesab edirlər ki, koronavirus yayda yoxa çıxsa da, qışda yenidən mutasiya olunmuş formada geri qayıda bilər. Buna görə də yaşı 70-dən az olan, yəni immuniteti güclü olanların virusa yolxumasını və bundan sonra dərmanın tapılması strategiyasını tətbiq edirlər. Hərçənd, bu dünyada qeyri-humanist hərəkət kimi qəbul edilir və olduqca risklidir.

3. Test strategiyası: Bunu tətbiq edən Cənubi Koreya gündəlik həyatı dayandırmadan mümkün qədər çox koronavirus testi edir və virusa yoluxmuş, yaxud yoluxma potensialı olanları karantinə alır. Vəziyyət hələki qorxulu olmasa da, riskli strategiya hesab edilir.

4. Karantin strategiyası: Ümumdünya Səhiyyə Təşkilatı bu mübarizə metodunu tövsiyə edir və bu gün Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkəsi bu yolu seçib. Daha az riskli və yoluxma halının minimallaşdırılması üçün əsas variant kimi məhz krantin strategiyası hesab olunur.

Azərbaycanda, eləcə də digər ölkələrdə Çin strategiyasının tətbiq edilməsi çətindir. Çünki Çin militarist ölkədir və burada əhalinin qoyulan qaydalara əməl etməsi vərdişi formalaşıb. İngiltərə strategiyası qeyri-humanistdir, Cənubi Koreya strategiyası da risklidir. Yeganə yol karantin strategiyasının tətbiqidir ki, xüsusi rejimə keçid də bu prosesin davamıdır.

Cəmiyyət olaraq qaydaları pozmağı sevdiyimizi, toplu halda qonaq getməyimizi, hər şeyi “Allah kərimdir” deyib Yaradanın öhdəsinə buraxmağımızı nəzərə alanda xüsusi rejimin tətbiqini anlamaq çətin deyil.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/koshe/308612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR