Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir

Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
10:47 3 Aprel 2020
203 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çevik və məqsədyönlü xarakter daşıyır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı Azərbaycanda təhlükəli virusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərin mahiyyətini şərh edib:

"Başqa dövlətlərlə müqayisədə ölkəmizdə pandemiyaya qarşı mübarizənin ilkin mərhələsində məqsədyönlü qabaqlayıcı addımlar atılmışdır. Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi baxımından böyük əhəmiyyət daşıyır. Xüsusilə vurğulayaq ki, bu cür təyinatlı qurum dünyada ilk dəfə olaraq Azərbaycanda fəaliyyətə başlamışdır. Martın 28-də Bakıda müasir standartlara cavab verən "Yeni klinika" tibb müəssisəsinin istifadəyə verilməsi və pandemiya başa çatana qədər orada yalnız koronavirus xəstələrinin müalicə olunmasının nəzərdə tutulması bu sahədə növbəti mühüm addımlardan biridir.

Ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və digər sahələrdə xüsusi iş rejimləri tətbiq edilmişdir. Azərbaycan hökuməti tərəfindən məhdudlaşdırıcı qaydaların tətbiq edilməsi pandemiyaya qarşı mübarizənin səmərəli və qətiyyətli şəkildə aparılması niyyətini daşıyır ki, burada əsas məqsəd virusdan yoluxma hallarının dinamikasını azaltmaqla ölkə vətəndaşlarının sağlamlığının qorunmasıdır".

M.Qurbanlı qeyd edib ki, pandemiya insanların sağlamlığı üçün böyük təhlükə olmaqla yanaşı, həm də dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vurur, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsir göstərir.

O bildirib ki, hökumət həm vətəndaşların sağlamlığını qoruyur, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərə biləcək faktorların təsirləri azaltmağa çalışaraq, preventiv tədbirləri davam etdirir:

"Bu məqsədlə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb.

Pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin və Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə İşçi qrupları yaradılıb. Bu qrupların qarşısına pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin siyahısını müəyyənləşdirmək üçün müvafiq meyarları təsdiq etmək, yoluxucu xəstəliyin ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək göstərmək və s. məqsədilə müvafiq təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək vəzifələri qoyulub.

Bu vəzifələrin sırasına iqtisadiyyatın müxtəlif sahələrinə, sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin göstərilməsi daxildir. Muzdlu işçilərin sosial müdafiəsi, məşğulluq tədbirlərinin gücləndirilməsi, bank sektoruna və makroiqtisadi mühitə ehtimal olunan mənfi təsirlərin qiymətləndirilməsi, makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin görülməsi, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi hökumətin qarşısında dayanan əsas vəzifələrdəndir. Azərbaycan Prezidenti İlham Əliyev qlobal sosial-iqtisadi vəziyyətin bütün ölkələrin həyatına göstərəcəyi çətinliklərə baxmayaraq, ölkəmizdə əvvəlcədən planlaşdırılmış bütün sosial öhdəliklərin tam yerinə yetirilməsinin, sosial infrastruktur layihələrinin icrasının təmin olunmasının, əhalinin məşğulluq məsələsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etmişdir".

M.Qurbanlının sözlərinə görə, dövlət siyasətinin əsas məqsədlərindən biri vətəndaşların təhlükəsizliyi və sağlamlığının təmin olunmasından ibarətdir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirusa qarşı mübarizədə vətəndaşların üzərinə də mühüm məsuliyyət düşdüyünü bildirərək, bəzən bu sahədə arzuedilməz halların olduğunu qeyd edib:

"Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın".

Komitə sədri fiziki və hüquqi şəxslərin koronavirusla mübarizədə yaxından iştirak etdiklərini bildirərək deyib:

"Onların Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü ödəmələr həyata keçirilməsində göstərdikləri fəallıq bunun bariz nümunəsidir. Heydər Əliyev Fondunun pandemiya ilə mübarizəyə verdiyi dəstək xüsusi qeyd edilməlidir. Fond pandemiyanın yayılmasının qarşısınının alınmasını nəzərdə tutan tədbirlər çərçivəsində böyük sosial layihə həyata keçirməyə başlamış və Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarına, sosial təcrid rejiminin tətbiq olunmasına lazımi təşkilati dəstək göstərməkdədir. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciətində "COVID-19"un hər birimizin həyatı və sağlamlığı üçün ciddi təhlükə olduğunu bildirərək demişdir: "Bu gün koronavirus epidemiyası ilə mübarizədə ön cəbhədə olanlara sizin ən gözəl minnətdarlığınız özünütəcrid rejiminə riayət etməyinizdir. Biz bu qaydalara nə qədər ciddi və səmərəli riayət etsək, epidemiya ilə mübarizə aparan qardaş və bacılarımız adi həyat tərzinə, öz ailələrinin yanına bir o qədər tez qayıda bilərlər".

M.Qurbanlı pandemiyaya qarşı mübarizədə ölkəmizin ərazisində fəaliyyət göstərən dini qurumların və icmaların üzərinə də mühüm məsuliyyət düşdüyünü vurğulayaraq bildirib:

"Hazırda Nazirlər Kabinetinin yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda dini məbədlər, ziyarətgahlar, məscidlər, kilsələr və sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılaraq, dini ayinlər dayandırılmışdır. İnsanların kütləvi şəkildə dini ayinlərə toplaşmasının qarşısının alınması Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı növbəti müvafiq qərarına qədər davam edəcək. Buna baxmayaraq, əhalinin bütün təbəqələri ilə yanaşı, müxtəlif dini konfessiyaların nümayəndələri, xüsusilə din xadimləri koronavirusa qarşı mübarizə tədbirlərinə kömək məqsədilə hazırkı şəraiti nəzərə alıb sosial şəbəkələr vasitəsilə dini maarifləndirmə işləri aparmalıdırlar. Onlar Nazirlər Kabinetinin yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyini təbliğ etməli, dünya ailmlərinin elmi araşdırmalarının nəticəsində xəstəliyin qarşısının alınacağını bildirməlidirlər. Bu cür həssas məqamda insanlara səbr və dözüm kimi keyfiyyətlər aşılanmalıdır. Nəzərə alınmalıdır ki, hər kəsin öz imkanlarından çıxış edərək pandemiyaya qarşı mübarizəyə dəstək verməsi sayəsində beynəlxalq sərhədləri aşan bu yoluxucu xəstəliyə qalib gəlmək mümkündür".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR