Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır - FOTO

Qız qalası Naxçıvanın qədim tarixinin daş yaddaşıdır - FOTO
07:47 12 Aprel 2020
291 Ölkə
Ölkə mətbuatı
A- A+

Arxeoloji tədqiqatlar sübut edir ki, Azərbaycanda ilkin qala-şəhərlərin formalaşdığı əsas regionlardan biri Naxçıvan ərazisi olub. Naxçıvanda qala-şəhərlərin eradan əvvəl III minillikdə, yəni beş min il bundan əvvəl formalaşdığı arxeoloji araşdırmalarla təsdiq edilib. Bu tip qala-şəhərlərdən biri Şərur rayonunda, Arpaçay vadisində, Dizə kəndinin şimalında yerləşən Qız qalası yaşayış yeridir.

Milli.Az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Cənubi Qafqazda Dəmir dövrünə aid yeganə yaşayış yeri

Vəli Baxşəliyev bildirib ki, yaşayış yerində arxeoloji tədqiqatlar 2014-cü ildə başlanıb. Tədqiqat zamanı insanların yaşayış yerində uzun müddət Orta Tunc dövrünün erkən mərhələsindən Dəmir dövrünədək məskunlaşdığı müəyyən olunub. Orta Tunc dövrünə aid yaşayış yerinin sahəsi 13,6 hektar, Dəmir dövrü yaşayış yerinin sahəsi isə 80 hektardır. 2014-2017-ci illərdə aparılan tədqiqatlar zamanı yaşayış yerinin Orta Tunc dövrü təbəqəsi öyrənilib. 2017-ci ildə aparılan arxeomaqnit araşdırmalar zamanı Qız qalası və Oğlanqalanı çevrələyən 486 hektarlıq sahənin, Dəmir dövründə, qala divarları ilə əhatə olunduğu müəyyən olunub ki, bu da Cənubi Qafqazda həmin dövrə aid yeganə yaşayış yeridir. Orta Tunc dövründən məskunlaşan bu yaşayış yerinin sahəsi tədricən artıb. Müəyyən edilib ki, bu yaşayış yerinin əsas mərkəzi Arpaçay vadisində və onun yaxınlığındakı kiçik yaşayış məntəqələri olub. Ətrafdakı yaşayış məskənlərində mədəni təbəqənin az (50 santimetr) yığılmasına baxmayaraq, mərkəzi hissədə təbəqənin qalınlığı 2,5-3 metr arasındadır.

Regionun tarixində inqilab kimi dəyərləndirilən tapıntı

"Qız qalası yaşayış yerində Orta Tunc dövrünə aid iki qala divarı aşkara çıxarılıb. Bu qala divarlarının biri irihəcmli daşlardan inşa olunmuşdu və ilk baxışda Dəmir dövrünün siklop tikintilərini xatırladırdı. Lakin karbon analizlər onun Orta Tunc dövrünün erkən mərhələsinə - eradan əvvəl 2135-ci ilə aid olduğunu göstərib", - deyən AMEA-nı müxbir üzvü qeyd edib ki, 2016-cı ildə aparılan araşdırmalar qala divarına birləşik binaların da mövcud olduğunu təsdiq edib. Lakin qala divarının hələlik yalnız bir qismi aşkar olunub. İndiyədək Yaxın Şərq və Cənubi Qafqazda eradan əvvəl III minilliklə tarixlənən qala divarları aşkar edilmədiyindən bu fenomenal hadisə regionun tarixində inqilab kimi dəyərləndirilə bilər.

Qeyd olunmalıdır ki, Orta Tunc dövrünə aid qalatipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir. Bu tip müdafiə tikintilərinin mövcudluğu eradan əvvəl III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını təsdiq edir.

Vəli Baxşəliyev deyib ki, ikinci qala divarı Orta Tunc dövrü təbəqəsinin üst qatında aşkar olunub. 2014-2016-cı illərdə aparılan qazıntılar zamanı müdafiə divarının böyük bir qismi tapılıb. Bu divar yanlarda iri daşlardan inşa olunub, həmin daşların arası isə kiçikhəcmli daşlarla doldurulub. Tədqiqat zamanı divarın qazıntı sahəsində aşkar olunan qərb hissəsinin uzunluğu 6 metr, eni bəzi yerlərdə 1,8 metr, bəzi yerlərdə isə 1 metr arasında idi. Müdafiə divarının inşası nizamsız quruluşu ilə fərqlənirdi. Divarın alt qismindən götürülən kömür analizi bu divarın eradan əvvəl II minilliyin ortalarında, eradan əvvəl 1450-ci ildə inşa olunduğunu təsdiq edib. Lakin müdafiə divarından aşağıda, təqribən, 1 metr qalınlığında mədəni təbəqə vardır. Bu, onu göstərir ki, müdafiə divarı Orta Tunc dövrünün müəyyən mərhələsində inşa olunub.

Qız qalasında Boyalı qablar mədəniyyətinə aid ən qədim tarixi məkanlardan biridir

Qız qalası yaşayış yerində Orta və Son Tunc dövrü təbəqəsinin üzərində qalın orta əsr təbəqəsinin mövcudluğu qazıntıları genişləndirməyə imkan vermir. Buna görə də Orta Tunc dövrünün erkən mərhələsinə aid strukturları aşkar etmək mümkün olmamışdır. Lakin aparılan araşdırmalar zamanı aşkar olunan tikinti qalıqları qala divarına birləşik, düzgün olmayan dördkünc formalı yaşayış binalarından istifadə olunduğunu göstərir. Bu otağın yaxınlığında tuf daşından hazırlanmış dabana daşının aşkar olunması vahid ox ətrafında dönən qapıların olduğunu deməyə əsas verir. Lakin burada tikintilər yaxşı saxlanmadığından evlərin formasını yalnız döşəmə qalıqlarına əsasən müəyyən etmək mümkündür. Döşəmə qalıqları dördkünc və dairəvi evlərdən istifadə olunduğunu göstərir. Şübhəsiz ki, dairəvi evlər yardımçı məqsəd üçün istifadə edilmişdir. Bu yaşayış binalarının forması birinci sahədən aşkar olunan tikinti qalıqları ilə daha yaxşı təmsil olunmuşdur. Bu sahədə evlərdən birinin içərisindəki ocaqdan götürülən kömür qalıqlarının analizi e.ə. 1939-1748-ci illəri göstərib. Bu evin bünövrəsi irihəcmli daşlardan inşa edilib. Onun yalnız iki divarı - qərb və cənub divarları aşkar olunub. Bu sahədə aşkar olunan ikinci otaq tam dördkünc formalıdır. Onun içərisindəki ocaqdan götürülən kömürün analizi e.ə. II minilliyin ortalarını, daha doğrusu, e.ə. 1451-ci ili göstərib. Fikrimizə görə, bu yaşayış evləri müxtəlif dövrlərdə istifadə olunub. Evin içərisində müxtəlif dərinlikdə ocaqlara rast gəlinməsi də bunu təsdiq edir. Qız qalası yaşayış yerinin alt təbəqələrində aparılan qazıntılar zamanı qəbir abidələrinə rast gəlinməsi olduqca maraqlıdır. Bu, yaşayış yerləri ilə qəbiristanlıqların iç-içə olduğunu təsdiq edir. Bilavasitə yaşayış yerinin yaxınlığında aşkar olunan bu qəbirlərin birindən Orta Tunc dövrünün erkən mərhələsi üçün xarakterik olan boyalı qablar aşkar olunub, lakin insan skeleti aşkar edilməyib. İkinci qəbirdə isə insan skeletinə aid qalıqlar aşkar olunub, ancaq maddi-mədəniyyət nümunələri tapılmayıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirinin sözlərinə görə, Qız qalası nekroplundakı kurqanlardan birindən götürülən kömür analizi eradan əvvəl 2280-ci ili göstərib. Bu Cənubi Qafqazda Boyalı qablar mədəniyyətinə aid ən qədim tarixdir. Bu fakt Azərbaycanda mədəni inkişafın bəzi tədqiqatçıların dediyi kimi nəinki Yaxın Şərqdən geri qaldığını, əksinə mədəni inkişaf səviyyəsinin bəzən Yaxın Şərq ölkələrini qabaqladığını göstərir.

Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfalarının məskəni Naxçıvandır

Qız qalası yaşayış yeri və onun ətrafındakı kurqanlarda aparılan araşdırmaların onların vahid bir kompleks təşkil etdiyini göstərdiyini vurğulayan Vəli Baxşəliyev bildirib ki, həmin yaşayış yerində aparılan araşdırmalar zamanı Orta Tunc dövrünə aid 2,5-3 metr qalınlığında mədəni təbəqənin varlığı müəyyən olunub. Bu, Naxçıvanda I Kültəpə, II Kültəpə və Qızılburundan sonra dördüncü mühüm abidədir. Yaşayış yeri boyalı qablarla fərqlənən Orta Tunc dövrü mədəniyyətinin Naxçıvanla bağlı olduğunu bir daha təsdiq edir. Qız qalası yaşayış yerində, həmçinin Bəzəkli, Qazançıqala, Qurddağ, Göynük qalası və digər abidələrdə müdafiə divarlarının aşkar olunması Orta Tunc dövründə Naxçıvanda böyük hərbi potensiala malik olan tayfaların yerləşdiyini təsdiq edir. Bu tayfaların bir qismi oturaq, digər bir qismi yarım köçmə maldarlıqla məşğul olub. Qız qala ətrafındakı kurqanlardan skelet qalıqlarının aşkar olunması isə boyalı keramika ilə seçilən Orta Tunc dövrü mədəniyyətinin mənsubiyyəti və onun yaradıcıları haqqında yeni fikirlər deməyə imkan verəcəkdir.

AMEA-nın müxbir üzvü Vəli Baxşıliyev deyib: "2016-cı ilin birinci yarısında bu abidələrin tədqiqi zamanı yeni faktlar aşkarlanıb. İnsan skeletlərinin dişlərindən götürülən izotopların analizi zamanı müəyyən edilib ki, Arpaçay vadisində məskunlaşan Orta Tunc dövrü tayfaların məskəni Naxçıvandır. Onlar yaz və yayda Arpaçay vadisi ilə indiki Ermənistan ərazisinə doğru hərəkət edərək yaylaqlardan istifadə edib və geri dönərək bu vadidə - Qız qalası yaşayış yerində yaşayıblar. Eradan əvvəl II minilliyin ortalarında Yaxın Şərq və Cənubi Qafqazda baş verən ictimai-siyasi proseslər, tayfalararası ziddiyyətlərin artması Arpaçay vadisində, Şərur düzündə yaşayan tayfaları müdafiə mövqeyi tutmağa məcbur edib, yaşayış yerində iri daşlardan qala divarları inşa olunub. Bu tip qala divarlarına Cənubi Qafqazın digər Orta Tunc dövrü yaşayış yerlərində rastlanmaması Naxçıvanda yaşayan tayfaların regionun siyasi həyatında mühüm rol oynadığını göstərir".

Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidə aşkarlanıb

Vəli Baxçəliyev vurğulayıb ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkarlanıb. Bu da muxtar respublikanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub. Bu ərazi qədim insanların ehtiyac duyduğu daş duz, mis, mərgümüş, sürmə, gümüş və qızıl yataqları ilə zəngindir. Araz çayına qovuşan Naxçıvançay, Arpaçay, Əlincəçay və Gilançay vadilərinin məhsuldar torpaqları əkinçilik və maldarlıq üçün əlverişlidir. Ona görə də burada tarix boyu məskunlaşma olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/841010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR